Bakı Olimpiya stadionu fevralda hazır olacaq

Bakı Olimpiya stadionu fevralda hazır olacaq


Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun bütün tikinti işləri 24 ay müddətində yekunlaşacaq.
Olimpnews.az "APA-Economics”in məlumatına əsasən xəbər verir ki, layihənin rəhbəri Cem İlgün hazırda görüləcək işlərin təxminən 65%-nin bitdiyini bildirib.
"Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək Olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir”, - deyə layihə rəhbəri bildirib.

Cem İlgün onu da əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır: "Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri "Tekfen” şirkətinin, 2 800-ü isə "Taşeron” şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq”.