Dopinq analizlərinin nəticələri “yaşıl qitə”ni...

Dopinq analizlərinin nəticələri “yaşıl qitə”ni...

Avstraliya peşəkar idmanında dopinqlə bağlı aparılan araşdırmalar başa çatıb. Bir il davam edən yoxlamaların nəticəsi "yaşıl qitə”ni "silkələyib”. Məlum olub ki, qitə idmançıları qadağan olunmuş maddələrdən gen-bol istifadə edirmişlər. Avstraliyanın Cinayətkarlığa Qarşı Mübarizə Komissiyasının açıqlamasında bildirilir ki, dopinqin idmançılar arasında yayılmasına xüsusi cinayətkar dəstə nəzarət edirmiş. Açıqlamada qeyd olunur ki, həmin cinayətkar dəstə "danışılmış oyunlar”ın təşkilində fəallıq göstərib, həmçinin mərc oyunlarını nəzarətdə saxlayıb. Avstraliyanın daxili işlər naziri Ceyson Kler araşdırmanın nəticələrini "ağlasığmaz hadisə” adlandırıb. Bi-bi-si radiosunun Avstraliya bürosunun əməkdaşı Nik Brayantın bu məsələ ilə bağlı verdiyi şərh isə daha maraqlı olub. O deyib: "Bizim ölkəmizdə idman çox sevilir. Komissiyanın açıqlaması Avstraliyada bomba partlayışı effekti yaratdı. Hazırda azarkeşlərdə idmançılara qarşı bir inamsızlıq var. Onlar hansı atletə inanacaqlarını artıq bilmirlər. Məncə, nəticələrin elan olunduğu gün Avstraliya idmanı tarixinə "qara gün” kimi daxil olacaq”. Maraqlıdır ki, komissiyanın hesabatında idman sahəsində çalışan elm adamlarının, məşqçilərin, hakimlərin, aptek işçilərinin də adları çəkilir. Qeyd olunur ki, məhz bu adamlar ayrı-ayrı idmançıları, bəzən isə bütöv bir komandanı qadağan olunmuş bir preparatlarla təmin ediblər.

... "danışılmış oyunlar” isə "köhnə qitə”ni
"silkələdi”

Avropa polisi (Avropol) əvvəlcədən razılaşdırılmış ("danışılmış oyunlar”) oyunlarla bağlı həyata keçirdiyi irihəcmli araşdırmaları başa çatdırıb. Qitəni, eləcə də, dünyanın müxtəlif ölkələrini əhatə edən araşdırmalar 380 oyunun nəticəsinin əvvəlcədən razılaşdırıldığını üzə çıxarıb. Maraqlıdır ki, bu siyahıda Çempionlar Liqasının da 2 oyunu yer alıb. Polis Afrika, Asiya, Cənubi və Mərkəzi Amerika qitələrində keçirilən 300 qarşılaşmanı da nəzarətə götürüb. Avropol hesab edir ki, "danışılmış oyunlar”ın təşkili ilə məşğul olan cinayətkar dəstənin əsas özəyi Asiya qitəsində yerləşir. Haaqada keçirilən mətbuat konfransında Avropolun araşdırmalarının nəticələri barədə KİV-lərə geniş məlumat verilib. Almaniya prokuroru Andreas Baxman jurnalistlərə deyib ki, dünyanın 15 ölkəsində "danışılmış oyunlar” həyata keçirilib. "Bu cinayətdə ümumilikdə 425 məmur, futbolçu və məşqçi iştirak edib. Bir ildən çox aparılan araşdırmalar göstərib ki, cinayətkarların çirkin əməlləri onlara 8 milyon avro qazandırıb. "Danışılmış oyunlar”ın təşkilinə isə 2 milyon avro xərclənib. Hər bir "danışılmış oyun”a orta hesabla 140 min avro ödənilib. Bukmeyker məntəqələrinin bu məsələdən xəbəri olmayıb. Bu məntəqələr, sadəcə, cinayətkar qruplara pul ödəyiblər”, - deyə Baxman bildirib. Qeyd edək ki, fırıldaqlara görə hələlik 50 adam həbs olunub.