Polşalı boksçu cərimələndi

Polşalı boksçu cərimələndi
Ukraynalı dünya çempionu Vladimir Kliçkonun keçmiş rəqibi, Polşa boksçusu Mariuş Vaxa dopinqdə "ilişib”. Bu idmançının qanından götürülən təkrar analiz müsbət nəticə verib. Mariuşun qanında anabolik maddələr tapılıb. Məlumat üçün deyək ki, polşalı boksçu Kliçko ilə döyüşdən dərhal sonra analiz vermiş və qadağan olunmuş preparatlardan istifadə etdiyi aşkarlanmışdı. Lakin Mariuş həkimlərin rəyinə etiraz etmişdi. Təkrar analiz isə, onun həqiqətən dopinqdən yararlandığını təsdiqləyib. Bununla belə, Mariuş Vaxa qadağan olunmuş preparat qəbul etmədiyini bildirib. Boksçunun sözlərinə görə, dopinq onun qanına Kliçko ilə döyüşə hazırlaşarkən yediyi qida vasitəsi ilə daxil olub. "Vladimirlə qarşılaşmanın asan olmayacağını bildirdim. Buna görə də ciddi məşq edirdim. Düşünürəm ki, qadağan olunmuş maddələr məşq zamanı yediyim qidanın tərkibində olub”, - deyə polşalı bildirib. Lakin Marişun arqumentləri onu xilas edə bilməyib. Belə ki, Almaniya Boks Federasiyası polşalı boksçunu 1 il müddətinə disvalifikasiya edib. Bundan əlavə, Mariuş 5 min avro dəyərində cərimələnib.