2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar Bakı-2015 Oyunlar Akademiyası "Məzun Təkmilləşdirmə Proqramı”na istedadlı gənclərin müraciətlərini qəbul edir. Proqrama müraciətlərin sayının çox olması və gənclərin layihəyə böyük maraq göstərməsi ilə əlaqədar müraciət günü mayın 22-dək artırılıb.
Mayın 15-də "Pasifico”da "Məzun Təkmilləşdirmə Proqramı”nın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyat Qabiliyyəti və Hazırlıq Departamentinin direktoru Qevin MakAlpayn və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərə proqram barədə ətraflı məlumat veriblər.
Bildirib ki, proqram Avropanın aparıcı korporativ təşkilatları ilə müqayisə edilən yüksək rəqabətqabiliyyətli inkişaf proqramıdır. Azərbaycan və Avropanı təmsil edən universitet məzunları cari ilin iyulunda "Məzun Təkmilləşdirmə Proqramı”nda iştirak edəcəklər. Proqrama ekspertlər tərəfindən tədris edilən çoxsaylı idman növlərini özündə cəmləşdirən iri və kompleks layihələrin yerinə yetirilməsi üzrə biliklər, müvəffəqiyyət üçün tələb olunan əsas bacarıq və davranışları əhatə edən üç həftəlik intensiv təlim daxildir.
Vurğulanıb ki, BAOƏK 2012-2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı gəncləri proqrama qoşulmağa dəvət edir. Proqramda 2014-cü ilin iyul və oktyabr ayları arasında dörd dəfə qəbul keçiriləcək və layihəyə 2015-ci ilin iyulunda yekun vurulacaq.
Müraciətlərin sayının çox olduğunu diqqətə çatdıran natiqlər 150 gəncin seçilərək proqramda iştirak edəcəyini bildiriblər.
Sonra Bakı-2015-ə hazırlıqla bağlı, respublikamızın idman infrastrukturundan və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Sonda "Məzun Təkmilləşdirmə Proqramı”nın təqdimatı olub və gəncləri maraqlandıran suallar cavablandırılıb.