Nəqliyyat Nazirliyinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri bir neçə mərhələni əhatə edir. Nazirliyin planları ilk növbədə bu böyük tədbir zamanı idman saraylarına gediş-gəlişin əsas marşrutlarının müəyyən edilməsi, idmançıların həm oyunlara, həm də məşqlərə getməsi, o cümlədən bu zallar ətrafında yol bağlantılarının, marşrutların və lazımi əlavə tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, birinci Avropa Oyunlarında çoxsaylı nəqliyyat vasitələrindən istifadə edilməsi nəzərdə tutulub. Nəqliyyat vasitələri həm əhaliyə, həm də idmançılara xidmət göstərəcək. O həmçinin əlavə edib ki, həm ictimai nəqliyyat, həm də birinci Avropa Oyunlarında istifadə məqsədilə Bakıya Almaniya, Fransa, Türkiyə və Çindən yeni avtobus və taksilər də gətiriləcək.