Su polosu üzrə Azərbaycan yığması cari ildə Moskvada keçirilən ilk rəsmi turnirdə bürünc medala sahib olub. Yarışda Azərbaycan komandası ilə yanaşı, Moskvanın beş aparıcı klubu- MDU, "Torpedo”, "Novoperedelkino”, "World Class”, "Podvodnik” iştirak ediblər. Turnirin reqlamentinə əsasən, komandalar hər birində üç komanda olmaqla iki qrupda mübarizə aparıblar. Qrupların qalibləri finala vəsiqə qazanıblar, ikinci yerə çıxan komandalar isə bürünc medallar uğrunda mübarizə aparıblar. Qrup mərhələsinin ilk oyununda yığmamız bir xal fərqi ilə "WorldClass” komandasına qalib gəlib, ikinci oyunda isə bir xal fərqi ilə "Torpedo” komandasına uduzub. Nəticədə Azərbaycan millisi qrupda ikinci yeri tutub. Üçüncü yer uğrunda mübarizədə isə yığma komandamız "Novoperedelkino”ya qalib gələrək bürünc medala sahib çıxıb.