Bakıda boks üzrə «İpək yolu» ənənəvi beynəlxalq turnirinə start verilib

Bakıda boks üzrə «İpək yolu» ənənəvi beynəlxalq turnirinə start verilib


Martın 6-da Bakı İdman Sarayında boks üzrə "İpək yolu” ənənəvi beynəlxalq turnirinə start verilib. Martın 10-dək davam edəcək yarışda 11 ölkədən 118 idmançı mübarizə aparır. Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları öz bacarıqlarını nümayiş etdirirlər. Yarışda dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Olimpiya oyunlarının iştirakçısı Heybətulla Hacəliyev kimi idmançılar qüvvələrini sınayırlar. Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov bu yaxınlarda Qazaxıstanda keçirilən turnirdə qolundan zədə aldığından o, yarışı kənardan izləyir.
Dünən "İpək yolu” ənənəvi beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış ediblər. Onlar ölkəmizdə idmanın inkişafından son illər boksçularımızın müxtəlif mötəbər yarışlarda qazandıqları nailiyyətlərdən söz açıblar. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən natiqlər paytaxtımızda indiyədək bir sıra mötəbər yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Yarışın ilk günündə milli komandamızın aparıcı boksçularından Samir Məmmədov, Cavid Çələbiyev, İlkin Ağayev, Heybətulla Hacəliyev və Emil Əhmədov rinqə çıxıb. 2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov (56 kq) ilk görüşdə Türkmənistan təmsilçisi Yakub Meredovu 14:10 hesabı ilə məğlub edib. İlkin Ağayev də (56 kq) yarışa qələbə ilə başlayıb. Millimizin üzvü Qətər idmançısı Othman Jomaa üzərində asan qalibiyyət əldə edib - 20:3. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz özbəkistanlı Bobur Aytbayevi 17:11 hesabı ilə məğlub edib. 75 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Boksçumuz Qətər nümayəndəsi Hzam Əhməd Nabahı 15:5 hesabı ilə üstələyib. Cavid Çələbiyev (56 kq) yarışla erkən vidalaşmalı olub. Bu yaxınlarda "Strandja” turnirində bürünc medal qazanmış həmyerlimiz gürcüstanlı Georg Qoqatişviliyə 11:12 hesabı ilə uduzub. Bu gün döyüşlər saat 14:00-da başlayacaq. "Böyük İpək Yolu” turnirinə martın 10-da yekun vurulacaq.