Bakı-2015: Beynəlxalq Olimpiya Hərəkatında yeni bir səhifə

Bakı-2015: Beynəlxalq Olimpiya Hərəkatında yeni bir səhifə


Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi
barədə qərar Azərbaycanın böyük uğurudur
(II məqalə)


2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 2-də keçirildi. İclasda Avropa Oyunlarına hazırlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı.
Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə Nəqliyyat Nazirliyində İşçi Qrup yaradılıb. İşçi Qrupa Nəqliyyat Nazirliyi Aparatının struktur bölmələrinin, həmçinin nazirliyin tabeli qurumları olan "Azərbaycan Dəmir Yolları” QSC-nin, "Azəryolservis” ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri daxildir. İşçi Qrupunun martın 14-də keçirilən iclasında Avropa Oyunları ilə bağlı yol-nəqliyyat kompleksi üzrə işlərin əlaqələndirilməsi məsələsi müzakirə edildi. İclasda Oyunlara hazırlıq və keçirilmə müddətində nazirlik üzrə müəyyən edilmiş "Tədbirlər Planı”ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsinin zəruriliyindən danışıldı. İşçi Qrupun iclasında "Tədbirlər Planı”nın ilkin variantı müzakirə edildi, görüləcək işlərin istiqamətləri müəyyənləşdirildi. Qərara alındı ki, avtomobil yolları, avtomobil nəqliyyatı, dəmiryolu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı konkret təkliflərə yenidən baxılsın.

Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosu dünyaya təqdim olundu
2013 -cü il noyabrın 23-də Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası keçirildi.
Tədbirin son günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunu təqdim etdi. Azad Rəhimov çıxışında bildirdi ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur: "Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir. Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək Bakı-2015 Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə çatdıraraq dedi: "Avropa tarixində ilk dəfə qitə üzrə multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaq. Avropa Oyunlarında 49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq”.

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr bildirdi ki, Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması bir daha Bakının 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının göstəricisidir. Sonra Cim Şerr və Milli Olimpiya Komitəsinin beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva tədbir iştirakçılarına "Bakı-2015” Avropa Oyunlarına hazırlıq işlərinin aparılması barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün Bakıda bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında Azad Rəhimov iclas iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırdı.
Tədbirdə, həmçinin "Bakı-2015” Avropa Oyunları ilə bağlı stend də qurulmuşdu. Milli geyimli gənclər Assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində "Bakı-2015” Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr payladılar. Onu da deyək ki, loqonun təqdimatı Roma ilə yanaşı, eyni vaxtda Bakıda və Madriddə də nümayiş olundu.
Məlumat üçün deyək ki, Avropa Oyunlarının loqosu 35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilib. Bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirib. Adəm Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri olan Bakının assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın "Atletiko Madrid” futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcək.

Bakı - 2015 Avropa Oyunları "SportAccord” konvensiyasının
rəsmi mobil proqramının tərəfdaşıdır

Bu il aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəliklərinin iştirakı ilə V Beynəlxalq "SportAccordConvention” konvensiyası keçirildi.
Tədbirdə iştirak edən xarici qonaqlar Bakı - 2015 Avropa Oyunları haqqında bütün məlumatları bu mobil proqram vasitəsilə əldə edə bilərlər. Bu, Bakı - 2015 Avropa Oyunları ilə "SportAccord” konvensiyasının birgə əməkdaşlığı sayəsində mümkün olacaq.
Bu proqram iştirakçıların tədbir haqqında məlumatlılığını artırmaq üçün bir sıra faydalı funksiyalar təklif edir. Proqram vasitəsilə tədbirdə çıxış edən nümayəndələrin tərcümeyi-halı, sərgi zalının yerləşmə sxemi barədə məlumat əldə etmək mümkün olacaq.
İstifadəçilər bağlantı yaratmaq və şəbəkədə ünsiyyət saxlamaqla şəxsi hesablarına daxil olaraq öz profillərini digər iştirakçıları üçün açıq edə bilərlər. Bu, iştirakçılara tədbir çərçivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən Bakı - 2015 Avropa Oyunları tərəfindən təşkil olunan tədbirlər bərədə məlumat verəcək.
Proqram istifadəçilərin "Twitter” hesabı vasitəsilə digər sosial şəbəkələrdəki fəaliyyətlərini nəzərdən keçirməyə də imkan yaradacaq. Proqram "IPhone”, "Android”, "Blackberry”, "Windows”, "Phone” mobil telefonları və kompyuter istifadəçiləri tərəfindən asanlıqla istifadə oluna biləcək.
Ümumilikdə mobil proqram 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə istənilən məlumatları əldə etmək üçün əhəmiyyətli platformadır.

"Gənc reportyorlar” təşəbbüsünə
10 jurnalist daxil edilib

Avropa Oyunlarını işıqlandırmaq məqsədi ilə 10 jurnalistin cəlb olunacağı "Gənc reportyorlar” təşəbbüsünü həyata keçirmək üçün Bakı-2015 Avropa Oyunlarının təşkilatçıları Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirib. Bu təşəbbüs sayəsində dünyanın perspektivli gənc idman jurnalistlərinə Bakı-2015 Avropa Oyunlarını işıqlandırmaq üçün şərait yaradılacaq. Avropanın müxtəlif ölkələrini təmsil edən 4 qadın və 4 kişi jurnalistdən ibarət qrup Avropa Oyunlarında təcrübəli idman reportyorları ilə yanaşı çalışmaq imkanı əldə edəcək.




Seçiləcək on gənc reportyordan ikisi Azərbaycanı təmsil edəcək

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov hesab edir ki, bu, istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarının təcrübəsini öyrənmələri üçün əvəzsiz bir imkandır. "Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək imkanı bir şansdır. Əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə çalışmaq nəticəsində əldə edilən təcrübə gənc jurnalistlərin karyerasında böyük təkan olacaq”, - deyə Azad Rəhimov bildirib.
Məlumat üçün deyək ki, aprelin 27-də AIPS-ın Bakıda 77-ci konqresi keçirildi. Konqresdə dünya idman məsələləri və irimiqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyi mövzuları müzakirə olundu.
AİPS-in prezidenti Canni Merlo bildirdi ki, potensiallı gənc jurnalistlərə bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq üçün Bakı - 2015 ilə səylərin birləşdirilməsi olduqca diqqətəlayiqdir bir işdir. "Gənc jurnalistlərlə təcrübələrimizi bölüşmək, onlara bu qəbildən olan irimiqyaslı beynəlxalq idman tədbirlərində çalışmaq üçün vacib biliklər qazanmaqda yardım etmək bizim üçün çox önəmlidir. Bu proqramın həyata keçirilməsini və gənc istedadların təlimləndirilməsində Bakı -2015-in Əməliyyat Komitəsi ilə birgə işləməyi səbirsizliklə gözləyirik”, - deyə AİPS prezidenti əlavə etdi.
Xatırladaq ki, AİPS daha əvvəllər də Bakıda gənc reportyorlar təşəbbüsünü uğurla həyata keçirib. Dünya ölkələrindən seçilmiş 20 jurnalistdən ibarət qrup 2012-ci ildə ölkəmizdə keçirilmiş FİFA U-17 qadınlar arasında dünya çempionatında yerli və beynəlxalq KİV nümayəndələri ilə birgə çalışıb.
Bakı-2015-in mətbuat əməliyyatları üzrə direktoru Ceyn Pearsın fikrincə, AİPS-in "Gənc reportyorlar” təşəbbüsü yüksək səviyyəli idman jurnalistlərinin hazırlığında mühüm əhəmiyyət kəsb edir. Ceyn Pears deyib ki, gənc jurnalistlərin arzularını gerçəkləşdirməsinə kömək etmək üçün AİPS-in təcrübəli əməkdaşları əllərindən gələni əsirgəməyəcək, gənc jurnalistlər Bakıda keçiriləcək Avropa Oyunlarının işıqlandırılmasında fəallıq göstərəcəklər.

Bakı - 2015 Avropa Oyunlarının Akademiyası fəaliyyətə başlayıb

Bu il aprel ayında Bakı - 2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Avropa Oyunlarının Akademiyasının yaradılması təşəbbüsünü irəli sürüb. Akademiyanın yaradılmasında məqsəd Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının bu təlim proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıq və oyunlarla bağlı biliklərini artırmaqdır.
Avropa Olimpiya Komitəsinin də (AOK) dəstəklədiyi bu proqram Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına imkan yaradacaq.
Avropa Oyunlarında təcrübə toplamaq imkanı yaradan bu proqram 199 namizədi (Azərbaycan universitetlərindən 150 nəfər və oyunlarda iştirak edəcək ölkələrin milli Olimpiya komitələrindən bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək.
Proqrama üç həftəlik intensiv təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhdəliklər qoyulacaq. Onlara bu işdə beynəlxalq ekspertlər və təlimçilər yardım edəcək. Namizədlər sınaq tədbirlərində və oyunların keçiriləcəyi vaxt ərzində geniş təcrübə toplayacaqlar.
Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlərə oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələr barədə məlumat veriləcək.
Bu məsələyə münasibət bildirən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib: "Avropa Oyunlar Akademiyası Bakı -2015 ilk Avropa Oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır. Bu Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün çox faydalı olacaq. Əminəm ki, məzun təlimi proqramındakı 199 gənc oyunların təşkilatçılarına və AOK-a faydalı şəkildə yardım göstərəcək”.
Məlumat üçün bildirək ki, I Avropa Oyunlarının proqramına daxil olan idman növlərindən 8-i 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək. İdmanın həmin növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.


Birinci Avropa Oyunları dünya mediasında

ABŞ-ın "The Washington Times” qəzetində "Bakı Avropa idman hərəkatında yeni era başlandığını elan edir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Avropa idman hərəkatında yeni eranın başlanğıcı olacaq” sözləri yer alıb.
Məqalədə qeyd olunur ki, yerli və beynəlxalq KİV nümayəndələri Avropa Oyunlarının keçiriləcəyi bir neçə yerdə, o cümlədən 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsinin keçirildiyi və Avropa oyunları zamanı voleybol turnirlərinin keçiriləcəyi "Crystal Hall” sarayını ziyarət ediblər.
"The Washington Times” qəzetindəki məqalədə deyilir: "Azərbaycan hökuməti Bakıda geniş hazırlıq işləri aparır. Aeroportda yeni terminal yaradılır, metronun və avtobusların işi təkmilləşdirilir, digər infrastruktur layihələri həyata keçirilir”.
"The Washington Times” (ABŞ)

Türkiyədə nəşr olunan "Beyaz qazete” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın "Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı olacaqdır” sözlərini sərlövhəyə çıxarıb.
Məqalədə vurğulanıb ki, Mehriban Əliyeva bu oyunların Azərbaycan üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik olduğunu, ona görə də millət və dövlətin əl-ələ verərək ciddi hazırlıqlar gördüyünü söyləyib.
"Beyaz qazete” Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Bakıda idman obyektləri ilə tanışlıqdan məmnun qaldığını qeyd edib. AOK prezidentinin dediyi "Olimpiya şəhərciyində görülən işləri Azərbaycanın Olimpiya Hərəkatına verdiyi dəyərin bir örnəyidir” sözləri də məqalədə öz əksini tapıb.
"Beyaz qazete” (Türkiyə)



"Bakı - qədimliklə müasirliyin vəhdət təşkil etdiyi şəhər” başlıqlı yazıda Bakı-2015 Avropa Oyunları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən 42-ci Baş Assambleyasında Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosunun təqdimatı olub. "Loqo Azərbaycanın əsas rəmzlərini özündə əks etdirir”, - deyə məqalədə bildirilir.
"İl Tempo” qəzeti (İtaliya)


İtaliyanın "Sport 24h” idman saytı 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə dərc edib.
Yazıda deyilir: "Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi edəcəyi ilə bağlı verilən qərar təsadüfi deyil. Azərbaycan idmanı Avropa Olimpiya Hərəkatının ayrılmaz bir hissəsidir”.
Müəllif Avropa Oyunlarının Bakıda keçirilməsinin və bu yarışda müxtəlif xalqların bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanda idman, gənclər, mədəniyyət və digər sahələr daim diqqət mərkəzindədir. Müəllif hesab edir ki, məhz bu səbəbdən Bakıda Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır.
Yazıda, həmçinin Avropa Oyunları Təşkilat Komitəsinin qeyri-olimpiya idman növü olan karatenin Bakı - 2015 Oyunlarının proqramına salınması qərarı yüksək qiymətləndirilib.
"Sport 24h” idman saytı (İtaliya)



"Reuters UK” agentliyi Bakı-2015 Avropa Oyunları ilə bağlı Soçidə keçirilmiş brifinq haqqında məqalə yayımlayıb.
Məqalədə gənclər və idman naziri Azad Rəhimovun brifinqdəki fikirlərinə geniş yer verilib və Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyət kəsb etdiyi, Avropa Oyunlarını keçirməklə gələcəkdə Bakının Olimpiya oyunlarına ev sahibliyi etmək üçün böyük təcrübə əldə edəcəyi vurğulanıb.
Yazıda, həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin "Avropa Oyunları Azərbaycanın bütün beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu təsdiqləyir” sözləri də diqqətə çatdırılıb.
"Reuters UK” agentliyi (Böyük Britaniya)



ABŞ-ın nüfuzlu "Chicago Tribune” qəzetində "Avropa Oyunları Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün tramplindir” sərlövhəli məqalə dərc olunub. Məqalənin müəllifi Karolos Qroman yazıb ki, birinci Avropa Oyunlarının 2015-ci ildə məhz Bakıda keçirilməsi paytaxtımızın 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı sifarişin verilməsi və qalibiyyət üçün tramplin olacaq.
Məqalədə deyilir: "Azərbaycan 2016-cı və 2020-ci illərdə Olimpiya oyunlarının keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana misilsiz təcrübə qazandıracaq. Nəticədə, Azərbaycan Olimpiya oyunlarına namizədlər arasında favorit ölkə olacaq”.
Qəzet Avropa Oyunlarının proqramına idmanın basketbol 3x3 və çimərlik futbolu kimi yeni növlərin də daxil edildiyini vurğulayıb. Yazıda Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosun yeni növlərlə bağlı fikirləri də yer alıb. "İdmanın bu növləri tamamilə yenidir. Beynəlxalq Olimpiya Komitəsi bu yeni ideyaları Azərbaycanda təcrübədən keçirəcək”, - deyə AOK rəsmisi bildirib.
Məqalədə vurğulanıb ki, Avropa Oyunları həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının proqramına daxil edilmək üçün nəzərdə tutulan atıcılıq, triatlon, kamandan oxatma və qılıncoynatma kimi idmanın bəzi növləri üçün təsnifat yarışıdır.
Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin "Bu yarışdan sonra Azərbaycan hər hansı idman tədbirini ən yüksək səviyyədə təşkil edə biləcəkdir” fikri də xüsusi vurğulanıb.
"Chicago Tribune” qəzeti (ABŞ)

Dünyanın tanınmış nəşrlərindən olan Fransanın "Le Moci”, İtaliyanın "Udine Ekonomia” jurnalları da öz səhifələrində Avropa Oyunları ilə bağlı geniş məqalələr dərc ediblər.
Həmçinin Türkiyənin "İhlas” xəbər agentliyinin "Avropa Olimpiya Komitəsi Azərbaycandakı hazırlıqlardan məmnundur”, "Timetürk” qəzetinin "Azərbaycan Olimpiya hazırlıqlarını sürətləndirdi” və "Haber Yurdum” qəzetinin "Bakının 2015 Olimpiya Oyunları ilə bağlı yol xəritəsi hazırdır” başlıqlı məqalələrində də Avropa Oyunları Əlaqələndirmə Komitəsinin ikinci toplantısına geniş yer verilıb, eyni zamanda, həyata keçirilən möhtəşəm abadlıq və quruculuq işlərindən bəhs olunub.