Bakı-2015 Avropa Oyunları "Tickethour” şirkətini rəsmi bilet satışı tərəfdaşı kimi Avropa Oyunlarının sponsorluq proqramında salamlamaqdan məmnunluq duyur.
"Tickethour şirkəti müasir proqram təminatı sistemini və idarəetmə komandasını təmin edəcəkdir. Bununla da Bakı-2015-ə Avropanın yeni çoxsaylı idman yarışları ilə bağlı təxminən 1 milyon bilet satmağa imkan yaradacaqdır.
Bakı-2015 üçün bilet satışı proqramına 2015-ci ildə başlanılacaqdır. "Tickethour” şirkəti şəhərin mərkəzində yerləşdirilən bilet kassaları ilə yanaşı, biletlərin onlayn satışına da cavabdeh olacaqdır.
Bakı-2015 Avropa Oyunları 19 idman növü üzrə olmaqla və 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları təşkil edilməklə 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı demişdir ki, biz "Tickethour” şirkətini Avropa Oyunları ilə bağlı bütün bilet satışı xidmətlərinin təchizatçıları kimi rəsmi tərəfdaş sponsorlarımızın sırasında salamlamaqdan şadıq. Bizi qarşıda yalnız 12 aydan sonra həyata keçirilməli olan belə bir mürəkkəb bilet satışı əməliyyatının gözlədiyini nəzərə alsaq özümüzü xoşbəxt hiss edə bilərik ki, əsas çoxsaylı idman yarışları üçün yüksək səviyyəli bilet satışı xidmətlərinin göstərilməsində lazımi təcrübəyə və idman nailiyyətlərinə malik bir komanda ilə çalışırıq.
"Tickethour” şirkətinin sədri Corc Bolos isə demişdir ki, bu, bizim üçün maraqlı və əhəmiyyətli işdir. Biz bütün səylərimizi, bilik və təcrübəmizi "Bakı 2015”in əlçatan, səmərəli və etibarlı bilet satışı sistemi ilə təmin edilməsinə sərf edəcəyik. Biz Azərbaycanda və ondan kənardakı idman azarkeşlərinin yaddaqalan idman festivalından rahat şəkildə zövq almalarını təmin etmək istəyirik.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Vijeratna qeyd etmişdir ki, səbirsizliklə növbəti 12 ayda "Tickethour” şirkəti ilə çalışacağımızı gözləyirik. Mən əminəm ki, onların dəstəyi ilə dünyanın hər yerindəki idman azarkeşləri üçün ədalətli, funksional və uğurlu bilet satışı proqramını təmin edəcəyik. Eyni zamanda, onları Avropa Oyunlarının sponsorlardan ibarət ailəsində salamlamaqdan şadıq. İlk Avropa Oyunları üçün əməkdaşlıq dinamikası artmaqda davam edir. Biz çox qısa zamanda gələcək əlavə elanları gözləyirik.
"Tickethour” şirkətinin komandasının üzvləri 2004-cü ildə Afinada keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında uğurlu bilet satışı əməliyyatlarının həyata keçirilməsinə görə cavabdehlik daşımışlar. "Tickethour” şirkəti Yunanıstanın paytaxtı Afina şəhərində yerləşir və Avropa, ABŞ və Orta Şərqdə fəaliyyət göstərir. Şirkət hər il bir neçə milyon biletin satışını idarə edir. Bu şirkət əsas qlobal idman yarışları ilə bağlı bilet satışı xidmətlərinin göstərilməsində uğurlu təcrübəyə malik olduğunu sübut etmişdir.