Bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi
İyunun -12-də Milli Gimnastika Arenasının mətbuat mərkəzində Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qelzek, Azərbaycan Gimnastika Federasiyasının və çempionatın Təşkilat Komitəsinin vtise-prezidenti Altay Həsənov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov, Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder, Azərbaycan bədii gimnastika millisinin baş məşqçisi Mariana Vasileva iştirak edirdilər.
Çıxış edən Avropa qurumunun rəhbəri Jorj Qelzek Avropa çempionatının təşkilinin möhtəşəm tarixə təsadüf etdiyini dedi: «Bu yarış London Olimpiadasından iki il sonra, Rio-de-Janeyro Yay Olimpiya oyunlarına isə iki il qalmış bir vaxtda təşkil olunur. Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda üçüncü dəfədir ki, keçirilir. 2007 və 2009-cu illərdə də Azərbaycan qitə çempionatına yüksək səviyyədə ev sahibliyi edib. Qeyd edim ki, Azərbaycan Gimnastika Federasiyası bu sahədə kifayət qədər təcrübəyə və peşəkarlığa malikdir. Budəfəki Avropa çempionatı I Avropa Oyunlarına təsnifat xarakteri daşıdığı üçün vacib əhəmiyyət kəsb edir. Yarışa hazırlıq və təşkilatçılıq işləri yüksək səviyyədədir. Görülən işlər hətta beynəlxalq federasiyanın tələblərindən də yüksəkdir. Bütün nümayəndə heyətləri yaradılan şəraitdən razıdırlar. Təkcə təşkilatçılıq məsəlləri deyil, Azərbaycan gimnastları da qitə çempionatının güclüləri sırasındadırlar. Fürsətdən istifadə edib Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, Təşkilat Komitəsinə, bu yarış üçün əziyyət çəkən hər bir kəsə minnətdarlığımı bildirirəm».
Azərbaycan Gimnastika Federasiyasının vtise-prezidenti Altay Həsənov ölkəmizdə idmana və Olimpiya Hərəkatına göstərilən dövlət qayğısından danışaraq, gimnastlarımızın möhtəşəm yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildiridi. Bədii gimnkastika üzrə Avropa çempionatının Bakıda üçüncü dəfə keçirildiyini diqqətə çatdıran Altay müəllim çempionatın yeni istifadə verilmiş Milli Gimnastika Arenasında təşkil olunacağını dedi: «Turnirdə 33 ölkədən 258 gimnast 9 dəst medal uğrunda mübarizə aparacaq. Bu, güclü rəqabətdən xəbər verir. Məlum olduğu kimi, 2015-ci ildə ölkəmiz daha bir mötəbər yarışa - birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu oyunlarda gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək. Bu turnir həm də Bakı-2015 Oyunlarına bir sınaq, təcrübə rolunu oynayacaq».
Altay Həsənov gimnastikanın kütləviliyində mühüm irəliləyişə nail olunduğunu bildirdi və qeyd etdi ki, bunun nəticəsidir ki, yığmaya düşmək üçün idmançılar arasında rəqabət kəskin artır. «Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu idman növündə kütləvilik təmin olunur. Sevindirici haldır ki, artıq Kürdəmir, İsmayıllı, Qusar, Göyçayda da gimnastika üzrə bölmələr fəaliyyət göstərir».
Yığma komandanın baş məşqçisi Mariana Vasileva gimnastlarımızın qitə çempionatında uğurla çıxış edəcəklərinə inandığını bildirdi. O, qeyd etdi ki, Aliyə Qarayevanın gedişindən sonra yığmada artıq gənc nəsil formalaşıb və komandamızın perspektivləri böyükdür: «Gimnastlarımızın gələcəkdə Avropa Oyunları, dünya çempionatı və Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Federasiya rəhbərliyi tərəfindən bizim üçün hərtərəfli şərait yaradılıb. Artıq region təmsilçiləri arasında da nəticə qazanan idmançılarımız var». Məşqçi yarışda milli musiqimizdən də istifadə olunacağını dedi. Belə ki, qrup hərəkətləri üzrə yığmamız «Sarı gəlin» musiqisinin sədaları altında çıxış edəcək.
AGF-nin baş katibi Fərid Qayıbov Avropa Oyunlarına təsnifat xarakterli yarışda komandamızın uğurla çıxış edəcəyinə əmin olduğunu vurğuladı. O, bildirdi ki, Avropa çempionatının ardınca gələn ilin martında növbəti test yarışı olacaq. Avropa Oyunlarına yoxlama xarakteri daşıyacaq yarışda gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.
AGİ-nin bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder çempionatın təşkili üçün işə cəlb olunan hər bir kəsin öz işinin öhdəsindən layiqincə gəldiyini qeyd etdi.
Səadət Zifiqızı
Aysel Sultanova