Bu ölkənin idman xəbərləri üzrə ixtisaslaşmış
"francsjeux. com” internet resursunda 2015-ci ildə Bakıda keçiriləcək ilk
Avropa Oyunlarına hazırlığın gedişi ilə yaxından tanış olmaq məqsədilə
Azərbaycanda səfərdə olan Fransa missiyasının rəhbəri Patrik Klüzo ilə "2015-ci
ildə Fransa Bakıya 250 idmançı göndərəcəkdir” sərlövhəli müsahibə yerləşdirilib.
Müsahibədə gələn il iki həftə ərzində Bakının Avropanın paytaxtına çevriləcəyi,
2015-ci il iyunun 12-dən 28-dək paytaxtımızda ilk Avropa Oyunlarının
keçiriləcəyi diqqətə çatdırılıb.
Müsahibədə Bakıya ikinci dəfə səfər etdiyini xatırladan P. Klüzo ilk gəlişində
olduğu kimi, yenə də gördüklərinin onu həddindən artıq təəccübləndirdiyini,
paytaxtımızın keçmiş və müasirliyi özündə təcəssüm etdirməsinin xoş təəssürat
yaratdığını, Avropa Oyunları Təşkilat Komitəsinin hazırlıq işlərini yüksək
səviyyədə apardığını və komitə üzvlərinin əksəriyyətinin vaxtilə Londonda
keçirilən oyunların Təşkilat Komitəsinin üzvləri olduğunu bildirib.
Azərbaycana ilk dəfə ötən ilin yazında səfər etdiyini xatırladan Fransa
missiyasının rəhbəri müsahibəsində Fransa İdman Federasiyasının Azərbaycanda
keçiriləcək Avropa Oyunlarında iştirakına dair ona ünvanlanan sualın cavabında federasiyanın
idmanın müxtəlif növləri üzrə komandalarının Bakıdakı oyunlarda iştirak etmək
istədiklərini bəyan etdiklərini bildirib.
Patrik Klüzo Fransanın Bakıya 250 idmançı göndərəcəyini, Avropa Oyunlarında
idmançıların sayına görə Almaniyadan sonra ölkəsinin ikinci yerdə olacağını
vurğulayıb.