Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi seminar keçirir

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi seminar keçirir


Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi nümayəndə heyətlərinin rəhbərləri üçün seminar keçirir. Təşkilat Komitəsindən olimpnews.az-a bildiriblər ki, nümayəndə heyətlərinin rəhbərləri ilk Avropa Oyunları ilə bağlı seminarda iştirak etmək Bakıya gəliblər. .
Avropa Milli Olimpiya komitələrinin rəsmilərinə Oyunlara hazırlıq işlərinin gedişi barədə məlumat verilib. Qonaqlar yarışların keçiriləcəyi idman qurğuları ilə tanış olub və ilk Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə keçirilmiş tədbirlərdə iştirak ediblər.
Azərbaycanın gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov ötən həftə Avropa ölkələrindən nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərləri ilə bağlı deyib: "Seminar bizə bu tarixi Oyunlara hazırlıq prosesində son aylarda nail olduğumuz irəliləyişləri milli Olimpiya komitələrinə nümayiş etdirmək imkanı yaradıb. Bu, həmçinin nümayəndə heyətləri və idmançılar üçün yaradılmış şəraitlə tanışlıq baxımından gözəl imkan oldu”.
Nümayəndə heyətlərinin rəhbərləri Əməliyyat Komitəsi tərəfindən atletlər üçün yaradılmış şəraitlə bağlı müzakirələr aparıblar. Qonaqlar bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyi müddətdə ilk dəfə tam istismar rejimində fəaliyyət göstərən Olimpiya kəndi ilə də tanış olublar.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki demişdir: "Birinci Avropa Oyunlarının nümayəndə heyətlərinin rəhbərləri üçün seminar çox uğurlu olmuşdur. Görüşlərdə 2015-ci ildə ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirmək və gələcəkdə yüksək standart müəyyənləşdirmək üçün mühüm məsələlər müzakirə edilmişdir. Qonaqlar gözəl Bakı şəhərində müəyyən vaxt keçirmişlər. Buna görə Avropa Milli Olimpiya komitələri arasında belə bir inam vardır ki, "Bakı-2015” komandalar üçün mükəmməl, texniki baxımdan əla və misilsiz təcrübə olacaqdır”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod demişdir: "Nümayəndə heyətlərinin rəhbərləri üçün seminar bizə Avropa Milli Olimpiya komitələri ilə əlaqə saxlamaq və yaratdığımız xidmət səviyyəsini izah etmək baxımından gözəl imkan olmuşdur. Həmin mütəxəssislərdən oyunlarla bağlı aldığımız rəylər bizi məmnun etmişdir”.
Qeyd edək ki, ilk Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. 17 yarış günü ərzində 6 mindən çox idmançı qələbə uğrunda mübarizə aparacaq. İdmanın 9 növü - oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon üzrə yarışlar Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.