Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur


Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri davam edir.
İyulun 9-da "Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə bəzədilmişdir. Bununla da şəhər əhalisi və burada istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılmışdır. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.
"Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimat mərasiminin aparıcısı Azərbaycanın tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirmişdir. Mer demişdir ki, artıq ikinci dəfədir Kannda Azərbaycan mədəniyyəti günləri təşkil olunur. "Azərbaycan zəngin mədəni dəyərlərə malikdir”, - deyən Kann şəhərinin meri əminliklə bildirmişdir ki, gələn il ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaqdır.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.

Birinci xanım Mehriban Əliyevanın çıxışı
- Hörmətli cənab mer.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Xanımlar və cənablar.
Yenidən Kann şəhərində sizinlə birlikdə olmaq çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və bu gecə bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.
Kann şəhərinin Fəxri vətəndaşı olmaq mənim üçün çox şərəflidir və mən bu fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram.
Hər il olduğu kimi, bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, hörmətə görə, tədbirlərimizdə bizə yardım göstərən hər kəsə, xüsusən də Kann şəhərinin meri cənab Lisnarda dərin təşəkkürümü çatdırıram.
Əziz dostlar, bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və prezidentinə dərin minnətdarlığımı bildirirəm.
Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib. Belə oyunları - tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir.
Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanmışlar və Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar.
Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır.
Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Ötən ay bədii gimnastika üzrə Bakıda keçirilən Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilmişdir.
Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin hərtərəfli və sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu Oyunları Azərbaycanda keçirməyə qərar vermişdir.
Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk Oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcəkdir. Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və Təşkilat Komitəsi səylə çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımi işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcəkdir.
Əziz dostlar, mən fürsətdən istifadə edərək sizi ölkəmizə dəvət etmək istəyirəm. Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərq ilə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz.
Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayıb fəaliyyət göstəriblər. Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq.
Əziz dostlar, biz birinci Avropa Oyunlarının təqdimatını Avropanın müxtəlif şəhərlərində keçirəcəyik. Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfü deyildir. Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə qalxıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif şəhərlərində keçirilir. Bir il bundan əvvəl, - yəqin ki, siz xatırlayırsınız, - Kannda çox böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kann ilə Azərbaycanın şəhərlərindən biri arasında bu ənənə davam etdiriləcəkdir.
Əziz dostlar, sonda xatırlatmaq istərdim ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer Kubertenin səyləri nəticəsində Olimpiya hərəkatı bərpa olunmuşdur. O vaxtdan etibarən Olimpiya idealları, Olimpiya hərəkatının fəlsəfəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpülər qurur, sülh, əmin-amanlıq və dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları bu dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir.
Bir daha sizin hər birinizi səmimi qəlbdən salamlayıram və sizə xoş axşam arzulayıram.
Təşəkkür edirəm.
***
Mərasimdə "Bakı-2015 Avropa Oyunları” ilə bağlı video təqdimat olmuşdur. Təqdimatda ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumat verilmişdir.
Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya
2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırmışdır. O demişdir ki, Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Fransa Olimpiya və İdman Komitəsinin prezidenti tam əminliyini ifadə etmişdir ki, Bakı Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəkdir.
Sonra "Bakı-2015 Avropa Oyunları”nın təqdimatına həsr edilən ziyafət olmuşdur. Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış etmişlər.
Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olmuşdur.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.
Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunmuşdur.
Artıq ilk Avropa Oyunlarının keçirilməsinə bir ildən də az vaxt qalır. Ötən dövrdə görülmüş işlər, Avropa Oyunları ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu, həm də Azərbaycanda idman sahəsində inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.