Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş keçirilmişdir

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş keçirilmişdir


İyulun 11-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunan yürüş keçirilmişdir.
Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində "Bakı-2015 - ilk Avropa Oyunları” sözləri yazılmış idman formalarının paylanması ilə başlamışdır. Onlarla şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan keçmişdir.

Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırmışdır. Nazir bildirmişdir ki, hazırda Oyunlara ciddi hazırlıq gedir və Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. A.Rəhimov təşkil olunan bu yürüşün də Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarının təbliği baxımından mühüm addım olduğunu bildirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı boyunca davam edən yürüşə start verilmişdir.
Artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə yeni idmançı nəslinin yetişməsini qarşıya əsas məqsəd qoyan dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı gənclərimizin beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarmışdır.
Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman yarışına ev sahibliyi edəcəkdir. İlk Avropa Oyunları Bakıda keçiriləcəkdir. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya Hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. Digər tərəfdən, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da artıq təsdiqləmişdir. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası, beynəlxalq yarışları keçirmək təcrübəsinə malik olmasıdır.

Finiş xəttinə birinci olaraq Kannın gənc sakini Maksons Vadelin çatmışdır. Yürüşü ikinci başa vuran isə Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olmuşdur.
Daha sonra qalibləri mükafatlandırma mərasimi keçirilmişdir. Yürüşün qaliblərinə fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunmuşdur. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim etmişdir.
Maksons Vadelin demişdir: "Çox sevinirəm. Güclü qaçış həvəskarları arasında birinci olmaq, həqiqətən də sevindiricidir. İndi bu sevincə gələn il keçiriləcək Avropa Oyunları zamanı sizin ölkənizə gəlmək də əlavə olundu. İnanıram ki, haqqında çox eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz buraxacaqdır”.
Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilmişdir. Kann sakini xanım Martin Mağmadanın bəxti üzünə gülmüş və o, maşına sahib olmuşdur.
Bu mərasim bir daha təsdiqləmişdir ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən, bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasına sübutdur.