"Euronews” televiziya kanalı Kannda Baku-2015 ilk Avropa Oyunlarına həsr olunmuş qaçış haqqında süjet hazırlayıb.
Telekanalın reportajında qeyd edilir ki, Kannın Kruazet sahili Azərbaycan bayraqları ilə bəzədilib. Videomaterialda deyilir: "Bu Qafqaz respublikasında ilk Avropa Oyunlarına hazırlığın başlanması belə qeyd edilib. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilib”.
Qaçışın qalibi - Nitsanın 25 yaşlı sakini Maksans Vodelin qaçışla bağlı fikrlərini bildirib: "Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi”.
Məlumat üçün qeyd edək ki, qaçış yarışında qalib gələn üç nəfər mükafatçı Bakıda keçiriləcək I Avropa Oyunlarına dəvətnamə alıb. Dəvətnamələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib. Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.
Nazir televiziya kanalına verdiyi müsahibədə belə idman yarışlarını öz şəhərində qəbul etmək dünyanın istənilən şəhəri üçün çox əhəmiyyətli olduğunu bildirib. Azad Rəhimovun sözlərinə görə belə tədbirlər bu cür idman tədbirləri təkcə şəhərin infrastrukturunu deyil, həm də onun sakinlərinin mentalitetini dəyişir.
Süjetdə qeyd olunur ki, bu təqdimat Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilib.