Mingəçevir şəhəri I Avropa Oyunlarına hazırlaşır

Mingəçevir şəhəri I Avropa Oyunlarına hazırlaşır

2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevir şəhərində təşkil olunacaq.
Artıq şəhərdə bu yarışlara hazırlıqlara başlanılıb. Prospekt və küçələr, istirahət məkanları xüsusi layihə əsasında təmir edilərək abadlaşdırılır. Avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir hazırda tikinti meydançasını xatırladır.
Heydər Əliyev prospektində, Gəncə şosesində, 20 yanvar küçəsində müasir işıqlandırma sistemi quraşdırılır. Eyni zamanda, çoxmərtəbəli yaşayış binalarının fasad hissələrinin təmirinə və işıq effektlərinin quraşdırılmasına başlanılıb. Küçələrdəki işıqforlar daha müasirləri ilə əvəz olunur. Şəhərin Gəncə istiqamətində girişində də abadlıq-quruculuq işləri aparılır. Avtomobil yolu genişləndirilir, asfalt örtüyü və yaşıllıqla salınır.