Olimpiya medalları geri alınıb

Olimpiya medalları geri alınıb
 
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Afina-2004 Olimpiya Oyunlarında kişilər arasında keçirilən çəkic tullama və nüvəitələmə yarışlarında mükafat alan idmançılardan götürülən dopinq analizlərinin yenidən yoxlanılması prosesini başa çatdırıb.
Xatırladaq ki, keçən ilin dekabrında BOK Ukrayna idmançısı Yuri Belonoqu (nüvəitələmə) olimpiadanın qızıl medalından, belaruslu idmançılar İvan Tixonu (çəkic tullama) gümüş, İrina Yatçenkonu (disk tullama) isə bürünc medaldan məhrum etmişdi. "Pressbol” nəşrinin yazdığına görə, yuxarıda göstərilən növlər üzrə medalların öz sahibini tapması məsələsinə baxılıb. Yenidən keçirilən dopinq analizlərinin nəticələrinə görə, çəkic tullamada gümüş medal əvvəlki sahibindən geri alınaraq Türkiyə təmsilçisi Aşrəf Apaka verilib. Bürünc medalın yeni sahibi isə belaruslu Vadim Devyatovski olub.
Nüvəitələmədə qızıl medal isə Yuri Belonoqdan geri alınaraq ABŞ idmançısı Adam Nelsona təqdim edilib. Qeyd edək ki, bu idmançı Afina-2004-də Belonoqla eyni nəticə göstərmişdi - 21, 16. Bu növdə gümüş medala danimarkalı idmançı Yoxim Olsen (21,07), bürünc medala isə İspaniya təmsilçisi Manuel Martines (20,84) layiq görülüblər.