"PJF Group” konsaltinq şirkətinin təsisçisi və rəhbəri, əslən Avstraliyadan olan Paul Foster Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin direktoru vəzifəsinə təyin edilib. P.Foster bu ilin avqustunda yarımştat, noyabrdan isə tam ştat əsasla Əməliyyat Komitəsinə qoşulacaqdır. O, Avropa Olimpiya komitələrində aparıcı rol oynayan bütün maraqlı tərəflərə yüksək səviyyəli xidmətlər göstərməklə Avropa Ailəsi Əməliyyatları komandasına rəhbərlik edəcək.
P.Foster Olimpiya Hərəkatı sahəsində geniş biliyə malikdir. O, əvvəllər beynəlxalq Olimpiya komitələrində protokol, tədbirlər və qonaqlarla iş şöbəsinin rəhbəri vəzifəsini icra edib. Bununla yanaşı, o, Afina-2004, Pekin-2008, London-2012 yay Olimpiya oyunlarında, eləcə də Vankuver-2010, Soçi-2014 qış Olimpiya oyunlarında çalışıb. P.Foster 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq olimpiadanın hazırlıq işlərində də əmək sərf edib.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, P.Foster Oyunlar sahəsində geniş, dərin təcrübəyə malikdir. Onun beynəlxalq aləmdə nüfuzu və idmana olan həvəsi BEGOC komandasının sıralarını xeyli genişləndirəcək, Azərbaycanın və Avropanın fəxr edəcəyi yarışların keçirilməsinə kömək edəcəkdir.
Beynəlxalq Olimpiya Komitəsi üçün çalışmaqla yanaşı, 2000-ci il Sidney Yay, 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat komitələrində də iş təcrübəsinə malik olan P.Foster deyib: "Mən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qoşulmaqdan məmnunluq hissi keçirirəm. İlk Avropa Oyunlarının bir parçası olmaq imkanını əldə etmək, bu cür istedadlı komandaya qoşulmaq mənim üçün çox həyəcanverici və şərəfdir. Gələcəkdə keçiriləcək bütün Avropa Oyunları üçün etalona, yaxud standarta çevriləcək bir təcrübəni paylaşmaq üçün yerli və xarici maraqlı tərəflərlə işləməyi səbirsizliklə gözləyirəm”.
P.Foster, həmçinin Roma və Nyu-York universitetlərində beynəlxalq əlaqələr üzrə professor köməkçisi vəzifəsində çalışır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.
Bakı-2015 Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir.