Bakı-2015 Oyunları Akademiyası aparıcı elm və təhsil ocaqları ilə tərəfdaşlıq elan edir

Bakı-2015 Oyunları Akademiyası aparıcı elm və təhsil ocaqları ilə tərəfdaşlıq elan edir

Bu ilin aprelində fəaliyyətə başlamış Bakı-2015 Oyunları Akademiyası iyulun 17-də bir sıra aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığını elan etməkdən qürur duyur.
Oyunlar Akademiyası Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü ilə yaradılıb. Akademiyanın məqsədi azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və oyunlarla bağlı biliklərini artırmaq, eləcə də məzun təlim proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir.
Artıq bu işə ali təhsil ocaqlarının, o cümlədən İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakıda "ADA” Universitetinin, Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Akademiyasının, eləcə də Amerikanın "Broadstone konsalting” şirkətinin dəstəyini cəlb etmək mümkün olacaqdır.
Transmilli neft və qaz şirkəti olan "bp” ilk Avropa Oyunları ilə bağlı öhdəliyinin bir hissəsi kimi Oyunlar Akademiyasının müstəsna rəsmi tərəfdaşıdır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru və Oyunlar Akademiyasının məsul şəxsi Qeyvn MakAlpayn bildirib ki, Oyunlar Akademiyasının icra tərəfdaşlarını elan etməkdən məmnundur və Bakı-2015 komandamızın bilik və bacarıqlarının artırılmasına kömək məqsədi ilə onlarla birgə çalışmağı səbirsizliklə gözləyir.
"Oyunlar Akademiyası şəxsi inkişaf baxımından nadir imkandır və nüfuzlu şirkətlərin dəstəyi bunu bir daha təsdiqləyir.
Məzun təlim proqramı Azərbaycan və Avropadakı gənclər üçün faydalı olacaq və ilk Avropa Oyunlarından sonra çox vacib imkanlar üçün miras qoyacaq.
"ADA” Universiteti Bakı-2015 Avropa Oyunları ilə birgə çalışaraq işçilərin iş yerində səmərəliliyinin artırılmasına yönələn və əsas bacarıqların öyrədilməsi ilə bağlı üç kurs hazırlayıb həyata keçirəcək”, - deyə o əlavə edib.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və "ADA” Universitetinin rektoru Hafiz Paşayev demişdir: "İlk Avropa Oyunlarında iştirakımızdan və Bakı-2015 Avropa Oyunlarının rəhbər işçiləri üçün keçirilən təlimdə öz təcrübəmizi bölüşməyimizdən məmnunuq.
Əsas bacarıqların öyrədilməsi ilə bağlı keçirəcəyimiz görüşlər bütün işçilərin planlaşdırma və təşkil etmə, iclasları yönəltmə və səmərəli təqdimatların keçirilməsi ehtiyaclarının qarşılanması baxımından uyğunlaşdırılacaqdır. İnanıram ki, Bakı-2015 ilk Avropa Oyunlarının rəhbər işçiləri bizim digər beynəlxalq tərəfdaşlarımız kimi ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnun qalacaqlar.
Bakı-2015 Avropa Oyunlarının məzun təlim proqramının iştirakçılarını maarifləndirmək və onların idman dünyası haqqında anlayışlarını artırmaq məqsədi ilə Beynəlxalq Olimpiya Akademiyası özünün Olimpiya sahəsindəki elmi təcrübəsindən yararlanacaq.
Bir il müddətində həyata keçiriləcək proqrama Oyunların aspektlərinin planlaşdırılmasına və həyata keçirilməsinə qarşı məsuliyyətli iştirakçılardan ibarət üç həftəlik intensiv təlim daxildir.
2012-ci və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün məzun təlim proqramında hələ də yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-dək açıqdır. Müraciətlər www.facebook.com/baku2015gamesacademy linkinə daxil olmaqla əldə edilə bilər.
Azərbaycanda 3325-dən artıq işçisi olan "bp” şirkəti ölkədə gələcək karyera inkişafı üçün imkanları müəyyən edəcək və hazırlayacaq.
Şirkətdən bildirmişlər ki, Oyunlar Akademiyası beynəlxalq iş mühitində işləmək kimi əhəmiyyətli təcrübə qazanmaq baxımından yüksək potensiallı Azərbaycanın gənc vətəndaşları üçün nadir imkandır. "bp” Azərbaycanın gələcək işçi qüvvəsi bacarıqlarını inkişaf etdirəcək və ölkənin əsas beynəlxalq idman yarışlarını və digər böyük, kompleks layihələri həyata keçirmək bacarığını genişləndirəcək bir proqramı dəstəkləməkdən məmnundur.
AISTS-in fərdi öyrənmə yoluna uyğun olaraq keçirilən aylıq təqdimatlar Bakı-2015 Avropa Oyunlarının işçilərinə bu günün idman mənzərəsini formalaşdıran son problemləri və hadisələri kompleks şəkildə başa düşməkdə kömək edəcəkdir.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.
Bakı-2015 Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, 3-ü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.