Rusiyada tələbə İvan Aqafonovu qətlə yetirən samboçu Rəsul Mirzayev (Dağıstan) yenidən idmana qayıdıb. O, Moskvada sambo üzrə keçirilən Rusiya çempionatında iştirak edib. Qatil idmançının azadlığa buraxılması birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, bu işlə bağlı keçirilən məhkəmənin 2012-ci ilin noyabr ayında çıxardığı qərara görə, Rəsul Mirzayev hazırda yaşadığı Dağıstanın Kizlər rayonundan kənara çıxa bilməz. Xatırladaq ki, sambo və qaydasız döyüşlə məşğul olan Rəsul Mirzayev ağır bədən xəsarəti yetirməklə qətl törətməkdə ittiham edilərək həbs olunmuşdu. Rusiya Federasiyasının qanunlarına görə, bu idmançı 15 il müddətinə azadlıqdan məhrum edilməli idi. Lakin məhkəmə əvvəlki qərarını dəyişib və 1 il izolyatorda nəzarət altında qalan dağıstanlı idmançını azadlığa buraxıb. Məhkəmə hesab edir ki, İvan Aqafonovun ölümü Rəsul Mirzayevin ehtiyatsızlığı səbəbindən olub. Beləliklə, azadlığa çıxan və məşqlərə başlayan məşhur idmançı sambo üzrə Rusiya çempionatına buraxılıb. "Ehtiyatsızlıq”dan qətl törədən bu idmançı qaydasız döyüş üzrə Qazaxıstan çempionu Yerjan Estanovla qarşılaşmağı planlaşdırır. Döyüşün martın 31-də təşkil edilməsi nəzərdə tutulub.