Bakı-2015 Avropa Oyunları Akademiyasının innovativ məzun təlim proqramının ilk iştirakçıları olan 45 nəfər qəbul mərhələsinə qoşulub.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin verdiyi məlumata görə, (BEGOC) iştirakçılardan 38-i Azərbaycandan, 7-si isə Xorvatiya, Yunanıstan, Litva, Portuqaliya, Slovakiya, Sloveniya və Türkiyədəndir. Avqust və sentyabr aylarında proqrama 150-dən çox məzun qoşulacaq.
Oyunlar Akademiyası BEGOC və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü ilə yaradılıb. Akademiyanın yaradılmasında məqsəd azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və Oyunlarla bağlı biliklərini artırmaq, eləcə də təlim proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir.
Məzun proqramı üç həftəlik intensiv təlimin keçirilməsi ilə başlayacaq. Sonra proqram iştirakçıları BEGOC-da daxili vəzifələri icra edəcəklər.
Onlar bir ilədək müddətdə ilk Avropa Oyunlarının əsas istiqamətləri üzrə planlaşdırmaya və icraya görə məsuliyyət daşıyacaqlar.
BEGOC-un əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru, Oyunlar Akademiyasına görə məsul olan Qeyvn Makalpayn proqrama çoxlu sayda yüksək potensiallı gənclərin cəlb olunduğunu deyib. "Əminəm ki, ilk Avropa Oyunları üçün planlarımızın inkişaf etdirilməsində onlar təşkilata yeni enerji və düşüncə tərzi gətirəcəklər.
Proqram müstəsna rəsmi tərəfdaş olan bp tərəfindən dəstəklənir. Eyni zamanda, təlim proqramı ali təhsil ocaqlarının, o cümlədən ADA Universitetinin, İsveçrənin İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Afinadakı Beynəlxalq Olimpiya Akademiyasının (IOA), eləcə də Amerikanın "Broadstoun konsaltinq” şirkətinin dəstəyini özünə cəlb edir.
Azərbaycandan olan iştirakçı Nərmin Mansurova proqramın yerli məzunlara beynəlxalq mühitdə iş təcrübəsi qazanmaq kimi nadir imkan təklif etdiyini bildirib. "Əminəm ki, mənim və digər azərbaycanlı məzunların inkişaf etdirdikləri bilik və bacarıqlar gələcəkdə ölkəmizin ev sahibliyi edəcəyi əsas beynəlxalq idman yarışlarında çox faydalı olacaqdır”.
Türkiyəli iştirakçı Akif Yazıcı proqrama qəbul olunması və bu həftə təlimə başlayacağı ilə qürur duyduğunu qeyd edib. "Bu, Avropadan gələn məzunlar üçün idman dünyası ilə bağlı çox gözəl imkandır. Mən artıq çox mötəbər idman yarışlarına cəlb olunmağa hazırlaşdığımı hiss edirəm”.
İlk dəfədir ki, xarici ölkədə işlədiyini bildirən xorvatiyalı iştirakçı Besim Aliti isə belə çoxmədəniyyətli təşkilata cəlb edilməyin maraqlı olduğunu vurğulayıb. "Məzun yoldaşlarım və Bakı-2015-də çalışan təcrübəli komanda ilə birgə işləyərək unudulmaz və tarixi Avropa Oyunlarının həyata keçirilməsinə kömək edəcəyimi səbirsizliklə gözləyirəm”.
2011-2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün təlim proqramında hələ də məhdud sayda yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-dək açıq olacaqdır. İştirak etmək istəyənlər müraciətlərini bu ünvan vasitəsilə edə bilərlər: www.facebook.com/baku2015gamesacademy.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.
Bakı-2015 Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir.