Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi "McDonald’s” şirkətini özünün rəsmi tərəfdaşı elan edib.
Bu tərəfdaşlığa "McDonald’s” şirkətinin restoranları, eləcə də Bakı şəhərində və Azərbaycanın digər bölgələrində ilk Avropa Oyunları haqqında məlumatların çatdırılmasına yönələn marketinq kampaniyalarının təşkili daxildir.
"McDonald’s” şirkəti öz restoranlarında müştərilərə məlumat verməklə yanaşı, Bakı-2015 Avropa Oyunları üçün xüsusi olaraq tərtib olunmuş müxtəlif qidalardan ibarət menyü vasitəsilə Azərbaycanın hər yerində Avropa Oyunları ilə bağlı təbliğat işi aparacaq.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu tərəfdaşlığı yüksək qiymətləndirərək deyib: ""McDonald’s” brendi dedikdə bütün dünyada əsas beynəlxalq idman yarışları yada düşür. Mən şirkətin birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olması haqqında sazişə imza atdığımıza görə məmnunam.
Sözügedən saziş bütün Azərbaycanda Bakı-2015 Avropa Oyunları haqqında daha çox məlumatın yayılmasına imkan yaradacaq”.
"McDonald’s” şirkətinin Azərbaycandakı bütün restoranlarında aparılacaq marketinq kampaniyaları hər ay təxminən 750 min müştərini əhatə edəcək.
Şirkətin Azərbaycandakı filiallarının icraçı direktoru Maqsud Mirzəyev Azərbaycan üçün əhəmiyyətli olan yarışlara dəstək göstərməyi "McDonald’s” üçün böyük şərəf olduğunu vurğulayıb.
Qeyd edək ki, "McDonald’s” şirkəti 1976-cı ildən etibarən bütün yay və qış Olimpiya oyunlarının əsas sponsoru olmuş və 2012-ci ildə sponsorluğunu daha səkkiz il müddətinə uzatmışdır.