“Bakı-2015”in məsul şəxsləri Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər
"Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının 2014-cü il Avropa Gənclər Sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdədirlər.
Əməliyyat Komitəsindən olimpnews.az-a daxil olan xəbərə görə, Beynəlxalq Olimpiya Akademiyası, "Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi sessiya Olimpiya Hərəkatının stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdir.
Sessiyada "Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq komitənin birinci Avropa Oyunlarına hazırlıq istiqamətində gördüyü işlərin gedişi barədə son məlumatları Avropa Milli Olimpiya Komitəsinin nümayəndələrinin diqqətinə çatdırıb.
S.Kleq qeyd edib ki, mən ömrümün otuz ilini Olimpiya Hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya oyunlarının vətənində olmaqdan məmnunluq duyuram. Əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı tədbir keçirəcək.
Öz strategiyasını "Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi komissiyasına təqdim etməzdən əvvəl iştirakçı qruplar həftə ərzində tövsiyələr hazırlayacaq. Komissiya ən innovativ və uğurlu işi qalib kimi seçəcəkdir.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılıb və akademiyanın əsas məqsədi Olimpiya ruhunun bütün dünyada yayılmasıdır.
Bakı-2015 Avropa Oyunları ilk dəfə iyunun 12-dən 28-dək ölkəmizdə keçiriləcək.
olimpnews.az