"Bakı-2015” ilk Avropa Oyunlarının təbliği ilə bağlı Qubada "Avrolimp düşərgəsi” layihəsinə start verilib.
Layihənin məqsədi Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının gənclər arasında təbliğ olunmasıdır. Layihə çərçivəsində keçiriləcək seminarlarda müxtəlif yarışlarda nailiyyətlər qazanan idmançılarımızın da iştirakına diqqət yetiriləcək, Oyunlarla bağlı videoçarxlar və təqdimatlar nümayiş etdiriləcək.
Düşərgədə iştirak etmək gənclərin həm idman tariximizlə yaxından tanış olmalarına, həm də Avropa Oyunlarında ölkəmizə gələcək idmançılar və əcnəbi turistlərlə ünsiyyətin qurulmasında, "Bakı-2015” çərçivəsində baş tutacaq mədəniyyətlərarası dialoq platformasında gənclərimizin özlərini təqdim etmələrinə imkan verəcək. Layihənin iştirakçıları sertifikatlarla və təşəkkürnamələrlə mükafatlandırılacaqlar.
Layihədə 14-29 yaşlarında istənilən gənc iştirak edə bilər. Müraciətlər avqustun 30-dək online ərizə formasında qəbul olunacaq.
Sentyabrın 16-dək davam edəcək layihə üç mərhələdən - hazırlıq dövrü, iştirakçıların seçimi, düşərgənin hazırlanması və keçirilməsindən ibarət olacaq.