Beynəlxalq Olimpiya Akademiyasının sessiyasına yekun vurulub

Beynəlxalq Olimpiya Akademiyasının sessiyasına yekun vurulub


Bakı-2015 Avropa Oyunlarının rəsmiləri Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının 2014-cü il Avropa Gənclər Sessiyasının bağlanış mərasimində iştirak ediblər.
Mərasimdə birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Meri və Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva gələn il ölkəmizdə keçiriləcək bu mötəbər idman tədbiri ilə bağlı təqdimatla çıxış ediblər.
Qeyd edək ki, ötən həftə təqribən 50 iştirakçıya Oyunların keçirilməsi strategiyasını inkişaf etdirməklə bağlı orijinal tapşırıq verilib. Qalib gələcək qrup gələn il Bakı-2015-in açılış mərasimində iştirak etmək imkanı qazanacaq.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos "Bakı-2015” layihəsinə cəlb edilməyin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: "İlk Avropa Oyunlarının bu cür fəal nümayəndələrini görmək bizim üçün böyük şərəfdir. Qarşıya qoyulan çətin və maraqlı tapşırığa qarşı müsbət münasibət bəslədiklərinə görə onlara minnətdarıq. Təşviqat kampaniyasının inkişaf etdirilməsi Bakı-2015 Avropa Oyunlarına töhfə vermək imkanından ilham alan bütün iştirakçıları cəlb etmək üçün gözəl bir fürsətdir”.
Praktik seminar əsnasında komandalar təkliflərini BAOƏK rəhbərlərindən ibarət komissiyaya təqdim ediblər. Nəticədə, "Bakıya velosipedlə” adlı kampaniya qalib seçilib.
2008-ci il Pekin Olimpiadasında çoxnövçülük üzrə qızıl medal qazanmış ukraynalı idmançı Natalya Dobrınska deyib: "Bakıya velosipedlə” layihəmizin qalib seçilməsi bizim üçün şərəfdir. Avropa Oyunlarına getməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Avropa ölkələrindən qatılacaq komandaların iştirakı ilə həyata keçiriləcək velosiped yürüşlərinin məqsədi Bakı-2015 ilə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır.
Uilyam Lui-Meri bildirib ki, bu tapşırıq Bakı-2015-in orijinal yanaşmaya meyl göstərdiyini və Avropa Oyunlarının keçirilməsinə cəmiyyətin cəlb olunması istəyini nümayiş etdirir. Müsabiqədə qalib gələn layihə 2015-ci ildə keçiriləcək Azərbaycan və Avropa cəmiyyəti üçün yadda qalacaq idman yarışlarının tapşırıqlarının müntəzəm həll olunması niyyətini əks etdirən peşəkar plandır.
Beynəlxalq Olimpiya Akademiyası, BECOG və Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş sessiya tarixi Olimpiya hərəkatının formalaşdırılmasında toplanmış mühazirələr və praktik seminarlardan ibarət idi.
Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılıb. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun bütün dünyada yayılmasıdır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Avropa Oyunları maraqlı və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.
Bakı-2015 Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün lisenziya verəcək. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Xatırladaq ki, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.