Avqustun 20-də "Fairmont Baku” hotelində Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbələr arasında təşkil olunan sorğunun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq, Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı-2015-in Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Bakı-2015 Avropa Oyunlarının ilk könüllülərindən biri kimi seçilən Azər Alməmmədov iştirak edirdilər.
Konfransda qeyd olundu ki, aparılan sorğunun nəticələri minlərlə Azərbaycan gəncinin Bakı-2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək istədiyini ortaya çıxarıb.
150 min 403 azərbaycanlı tələbə arasında keçirilən sorğu indiyə qədər ölkədə aparılmış ən böyük tədqiqatdır. Bu tədqiqat göstərir ki, sorğu iştirakçılarının 71 faizi Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə mənfəət gətirəcəyinə inanır. 26 mindən çox sorğu iştirakçısı isə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ilk oyunların keçirilməsi üçün nəzərdə tutduğu 12 min könüllü vəzifəsinə ərizə veriləcəyini gözləyir.
Tədbirdə çıxış edən Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq ilk dəfə keçiriləcək oyunlarda 19 idman növü üzrə ümumilikdə 6 min idmançının iştirak edəcəyini qeyd etdi. "I Avropa Oyunları zamanı 3 min rəsmi şəxs fəaliyyət göstərəcək. Bu mötəbər yarışlarda işləyəcək 670 peşəkar işçidən 400-ü yerli, 270-i əcnəbilər olacaq. Onların 50 faizi London Olimpiya Oyunlarında fəaliyyət göstərənlərdir. Oyunlar zamanı 12 min könüllünün xidmətindən istifadə olunacaq. Könüllülər peşəkarlara kömək edəcəklər. Azərbaycanlı tələbələr arasında aparılmış bu ətraflı sorğu gənc nəslin Avropa Oyunlarına olan böyük marağının sübutudur. Oyunların keçirilməsi üçün köməklik göstərməyə can atan bu qədər gənc insanın olduğunu bilmək bizi ruhlandırır. Biz bütün dünyanın burada yüksək əhval-ruhiyyədə olmasını və məşhur Azərbaycan qonaqpərvərliyinin şahidi olmasını istəyirik. Bütün qitənin zövq ala biləcəyi I Avropa Oyunlarına daha az vaxt qaldıqca tələbələrin ruh yüksəkliyinin bizə də sirayət etməsini təmin etmək üçün daha çox iş görməli olacağıq”, - deyə Saymon Kleq əlavə etdi.
Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev könüllülərin əldə edəcəkləri təcrübənin Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəyin bildirdi. "Gənclər Fondu əməliyyat şirkətinin könüllülərlə iş üzrə əsas partniyorlarından biridir. Biz könüllülər layihəsində də tərəfdaş kimi çıxış edirik. Bu, hər bir Azərbaycan gənci üçün çox ələmətdar bir hadisədir. Çünki burada qazanılan təcrübə və imkanlar gələcəkdə hər bir gəncə özünə karyera qurmaqda təkan verəcək. I Avropa Oyunları ölkə idmanı üçün çox önəmli bir hadisə olacaq. 2015-ci il Avropanın tarixinə uğurlu bir səhifə kimi yazılacaq.
Avropa Oyunları zamanı 12 min könüllü 20 idman və qeyri-idman obyektlərində fəaliyyət göstərəcək. Biz hazırda İnternet vasitəsi ilə könüllülərin müraciətlərini toplayırıq. Sevindiricidir ki, 2 ayda 9 min insan könüllü olmaq üçün müraciət edib. Bu, çox gözəl göstəricidir. İnanıram ki, sentyabr ayından sonra könüllülərin sayı daha da artacaq. Keçirilmiş sorğuda ümumilikdə 26 min tələbə iştirak edib. Yay aylarının və universitetlərin bağlı olduğunu nəzərə alsaq, bu rəqəmləri də müsbət adlandırmaq olar. Sentyabr, oktyabr və noyabr aylarında müsahibələr təşkil olunacaq. Yanvar ayından başlayaraq, hər bir obyekt üzrə könüllülərin bölünməsi işi aparılacaq. Bu proses may ayına qədər davam edəcək. İnanıram ki, biz könüllülərin dəstəyi ilə I Avropa Oyunlarına çox uğurla ev sahibliyi edəcəyik”, - deyə Fərhad Hacıyev bildirdi.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov sorğunun bir ay yarım ərzində 109 ali və orta ixtisas məktəbində təşkil olunduğunu qeyd etdi. O, bu işdə 200 nəfərin fəaliyyət göstərdiyini və sorğunun 7 sualdan ibarət olduğunu bildirdi: "Biz bu sorğuları Bakı da daxil olmaqla, bütün regionlar üzrə həyata keçiririk. Təşkil etdiyimiz sorğu 150 min tələbəni əhatə edirdi. Mülki, ali və orta ixtisas müəssisələrinin bütün tələbələri bu sorğuda iştirak etdilər. Sevindiricidir ki, hər bir universitet tələbəsi Bakı-2015-lə bağlı məlumatlıdır. Sorğu 7 sualdan ibarət idi. Yaxın zamanlarda sorğunun nəticələrinin əks olunduğu jurnal çap etdirəcəyik. Təşkil olunan sorğu ilə bağlı bütün məlumatlar həmin jurnalda əks olunacaq. Sorğuda iştirak edən 26 min nəfər gənc könüllü olmaq istəyir. Könüllü olmaq istəyənlərin məlumatları elektronlaşmış bazadadır. Həmin baza Bakı-2015 əməliyyat şirkətinə təqdim olunub. Bu proses sentyabr ayında da davam edəcək. Növbəti birinci kurslar arasında da təbliğat işlərinin aparılması planlaşdırılır. Könüllü olmaq istəyən hər bir gəncə şərait yaradacağıq. Aparılan bu sorğular onu göstərir ki, Azərbaycanda könüllülük mədəniyyəti formalaşıb. Belə ki, 12 min nəfər könüllü lazım olacağı təqdirdə, artıq 26 min könüllü toplanılıb. Bu, olduqca gözəl göstəricidir. Düşünürəm ki, könüllülər I Avropa Oyunlarının uğurlu olması üçün öz vacib missiyalarını tam şəkildə həyata keçirəcəklər. İctimai qurumların da bu prosesdə rolu olduqca əhəmiyyətlidir. Bu iş vahid mexanizm şəklində təşkil olunmalıdır. Hər bir qurum I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün öz töhfəsini verməlidir”.
Daha sonra Bakı-2015 Avropa Oyunlarının ilk könüllülərindən seçilən 21 yaşlı Azər Alməmmədov fikirlərini bildirdi. O, I Avropa Oyunlarının yaradacağı ovqatın bir hissəsinə çevrilmək üçün könüllülüyün gözəl fürsət olduğunu qeyd etdi. "Mənim bundan əvvəl də könüllülük fəaliyyətim olub. Könüllü olmaq mənə bir sıra imkanlar verib. Bu iş insana yeni simalar tanıdır və ətrafını genişləndirir. Biz Avropaya, hətta bütün dünyaya müxtəlif mədəniyyətlərə malik bir çox ölkələrdən insanları qarşılayarkən nələr etməyə qadir olduğumuzu göstərmək istəyirik. I Avropa Oyunları millətimizin gələcəyinin formalaşmasını göstərmək üçün müəyyən imkanlar yaradacaq”, - deyə Azər Alməmmədov bildirdi.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırdılar.