Martın 6-da Bakı İdman Sarayında start götürən boks üzrə "Böyük İpək yolu” ənənəvi beynəlxalq turnirinə martın 10-da yekun vurulub. Yarışda 11 ölkədən 118 idmançı mübarizə aparıb. Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları öz bacarıqlarını nümayiş etdiriblər. Yarışda dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Olimpiya oyunlarının iştirakçısı Heybətulla Hacəliyev kimi idmançılar qüvvələrini sınayıblar. Təmsilçilərimiz bu yarışda uğurla çıxış edərək onlara bəslənilən ümidləri doğruldublar. İdmançılarımız 7 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.
Həlledici mərhələdə Azərbaycan milli komandasının üzvləri Salman Əlizadə (49 kq) rusiyalı Bator Saqaluyevə, 2010-cu il Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə (52 kq) özbəkistanlı Şaxobidin Zoirova, Samir Məmmədov (56 kq) komanda yoldaşı İlkin Ağayevə, Elnur Əliyev (60 kq) rusiyalı Maksim Şmıqlova, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) qazaxıstanlı Canibek Acibaya, Rauf Rəhimov (81 kq) özbəkistanlı Boburbek Yoldaşevə, Məhəmmədrəsul Məcidov (+ 91 kq) ukraynalı Aleksand Babiçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yığmamızın digər üzvləri Eldar Quliyev (75 kq) Nurdavlet Jarmanova (Qazaxıstan), Toğrul İsayev (91 kq) isə Mənsur Sərdalova (Rusiya) məğlub olaraq gümüş medallara layiq görülüblər. 69 kq çəki dərəcəsində ukraynalı Boqdan Şelestyuk Qazaxıstan boksçusu Madiyar Akseyevdən üstun olaraq qızıl medal qazanıb.
Yarışlar başa çatdıqdan sonra yerli və xarici mütəxəssislərin turnirlə bağlı fikirlərini öyrəndik.
"Azərbaycanda mötəbər beynəlxalq yarışların təşkilini yüksək qiymətləndirirəm”
İsmayıl İsmayılov, gənclər və idman nazirinin müavini:
- Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanda idman yüksək səviyyədə inkişaf edib. İdmançılarımız müxtəlif mötəbər yarışlardan vətənə yüksək əyarlı medallarla dönürlər. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli yarışlar bir-birini əvəz edir. Azərbaycanda mötəbər beynəlxalq yarışların təşkilini yüksək qiymətləndirirəm. Məhz belə yarışların təşkili ölkəmizdə idmanın təbliğinə şərait yaradır. Bu cür yarışlar nəinki yarış iştirakçılarının təcrübəsini artırır, həm də yarışı kənardan izləyən digər idmançıların da təcrübə qazanmalarına kömək edir. Bu yarışlarda, yeniyetmə və gənclər xarici ölkə idmançılarının döyüş üslubuna bələd olurlar. Bu cür yarışlarda idmançılarımızın iştirak etmələri onların daha da mötəbər yarışlarda uğurla çıxış etmələrinə şərait yaradır. Bu yarışda bir sıra gənc boksçularımızın çıxışları diqqətimi cəlb etdi. Dəri əlcək ustalarımız son dövrlərdə keçirilən yarışlarda onlara bəslənilən ümidləri doğruldurlar. Ötən il Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında boksçularımız iki bürünc medala sahib çıxdılar. İnanıram ki, boksçularımız bu il keçiriləcək mötəbər yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar.
"Son dövrlərdə Azərbaycan boksçularında yüksək irəliləyiş var”
Rüstəm Səidov, Olimpiya oyunlarının və dünya çempionatının mükafatçısı, Özbəkistan yığma komandasının məşqçisi:
- Bu yarışda iştirak edən komandamızın heyətində 7 idmançı yer almışdı. Boksçularımız çox yaxşı çıxış etdilər. Əlbəttə ki, istərdik ki, qızıl medallarımız olsun. 3 idmançımız mükafatalayiq yer tutdu. Boksçularımızdan ikisi gümüş, biri bürünc medal qazandı. Bu, bizim üçün yoxlama yarışı idi. İndi yığma komandamız dünya və Asiya çempionatına hazırlaşır. Komandamızın heyətində təcrübəti və titullu idmançılar var idi. 81 kq çəki dərəcəsində çıxış edən idmançımız Asiya çempionudur. O, gümüş medal əldə etdi. 52 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz də gümüş medal qazandı. 91 kq çəki dərəcəsində çıxış edən idmançımız isə bürünc medala sahib çıxdı. Bu yarışda yetirmələrim qızıl medal qazana bilmədilərsə, deməli, öz üzərlərində işləməlidirlər. Yarışda güclü rəqabət var idi. Qələbə uğrunda əsas mübarizə Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycan idmançıları arasında gedirdi. Son dövrlərdə Azərbaycan boksçularında yüksək irəliləyiş var. Bildiyimə görə komandaya Ukraynadan məşqçi dəvət olunub. Boksçularınızda yüksək döyüş ruhu hiss olunur. Komandanın üzvləri sonadək mübarizə aparırlar. Azərbaycana 6-cı dəfədir ki, gəlirəm. Turnir yüksək səviyyədə təşkil olunub. Azərbaycana hər gəlişimiz zamanı yüksək səviyyəli qonaqpərvərliklə qarşılaşırıq. Burada bizim üçün yüksək səviyyəli şərait yaradılıb.

"Bu yarış boksçularımız üçün böyük sınaq oldu”
Nəriman Abdullayev, boks üzrə yığma komandanın məşqçisi:
- Bu yarış hər il ənənəvi olaraq keçirilir. İdmançılarımız yüuksək səviyyəli döyüş nümayiş etdirir, təmiz qələbələr qazanırlar. Komandanın üzvləri Salman Əlizadə, Elvin Məmişzadə çox gözəl çıxış etdilər və güclü boksçulara qalib gəldilər. Samir Məmmədov ölkə çempionatında olduğu kimi bu turnirdə də birinci oldu. O, finalda İlkin Ağayevlə üz-üzə gəldi. Bu idmançılar son ölkə çempionatında da bir-birləri ilə qarşılaşaraq eyni nəticəni göstərmişdilər. 60 kq çəki dərəcəsində iki boksçumuz-Elvin İsayev və Şaban Şahpələngov zədələndikləri üçün bu yarışda iştirak edə bilmədilər. Bu idmançıları komandanın gənc boksçusu Elnur Əliyev əvəz etdi. O, çox gözəl döyüş nümayiş etdirdi. 64 kq çəki dərəcəsində çıxış edən London Olimpiya Oyunlarının iştirakçısı Heybətulla Hacəliyev 4 döyüş keçirərək çempion oldu. 69 kq çəki dərəcəsində yığmanın üzvü Tamerlan Abdullayev zədələndiyi üçün onu Eldar Quliyev əvəz etdi. Eldar ölkə çempionatında üçüncü olmuşdu. O, bu yarışda gümüş medal qazandı. Boksçumuz finalda güclü qazaxıstan idmançısı ilə üz-üzə gəldi. Qeyd edim ki, Eldar komandanın gənc üzvlərindəndir. Komandanın gənc idmançısı Münasib Məmmədov da 6 döyüş keçirdi və çox yaxşı təsir bağışladı. Bu yarış boksçularımız üçün böyük sınaq oldu. Yarışdan əvvəl yığmamız 4 əcnəbi komandanın boksçuları ilə birgə təlim-məşqlərdə iştirak etdi. Qazaxıstan, Özbəkistan, Ukrayna ilə keçirilən təlim-məşqlərdə bir sıra yoxlama görüşləri keçirildi. Həmin yarışlarda Qazaxıstan idmançıları boksçularımıza qalib gəldilər. Qeyd edim ki, hazırda Qazaxıstan boksçuları çox güclüdürlər. Bu yarışda yığmamızın əsas rəqibləri Qazaxıstan və Rusiya idmançıları idilər. Əsas rəqabət Azərbaycan, Rusiya və Qazaxıstan idmançıları arasında getdi. İndi əsas diqqətimiz Avropa və dünya çempionatlarına yönəlib. Avropa çempionatı Belarusda, dünya çempionatı Qazaxıstanda keçiriləcək. Bu yarışlaradək yığma komandanın üzvləri Ukraynada keçiriləcək turnirdə iştirak edəcəklər. Avropa çempionatınadək boksçularımız fiziki cəhətdən öz üzərlərində bir qədər də işliməlidirlər.
"Əsas məqsəd komandanın Avropa çempionatı ərəfəsində ən yüksək formaya çatmasına nail olmaqdır”
Rasim Məmmədov, yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, "Rabitə” İdman klubunun baş məşqçisi:
- Komandanın "Böyük İpək yolu” turnirindəki çıxışından razı qaldım. Komandanın üzvləri rinqdə sonadək mübarizə aparırlar. Bu yarışda bir sıra gənc boksçular iştirak edirdi. Onlar çox yaxşı çıxış etdilər. Gənc boksçular gələcək yarışlar üçün təməl təşkil edirlər. Düzdür, komanda hələ ki, tam formada deyil. Bu ilin əsas yarışlarından biri may ayında keçiriləcək Avropa çempionatı olacaq. Əsas məqsəd komandanın Avropa çempionatı ərəfəsində ən yüksək formaya çatmasına nail olmaqdır. Avropa çempionatından sonra yığma dünya çempionatına hazırlıqlara başlayacaq. İnanıram ki, boksçularımız builki mötəbər yarışlarda yüksək nəticə əldə edəcəklər.
"”Böyük İpək yolu” turniri komanda üçün bir növ yoxlama yarışı idi”
Şahin İmranov, boks üzrə Pekin-2008-in bürünc mükafatçısı:
- Bu yarış Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. "Böyük İpək yolu” turniri komanda üçün bir növ yoxlama yarışı idi. Məncə, boksçularımız fiziki cəhətdən bir qədər də öz üzərlərində işləməlidirlər. Hələ ki, komanda ümumi fiziki hazırlıq prosesi keçir. Məşqçilər heyəti komandanı ən yüksək hazırlıq formasına mayda çatdıracaq. Bu turnirdə uzun illərdir döyüşən Samir Məmmədovun çıxışı mənim çox xoşuma gəldi. O, təcrübəli boksçularımızdandır. Sevindirici haldır ki, Samir öz formasını bərpa edib. Əsas odur ki, komandamızın üzvləri bu yarışda yüksək nəticə qazandılar. May ayınadək hələ ki, vaxt var. İnanıram ki, may ayınadək boksçularımız daha da yüksək idman formasında olacaqlar.