Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları güləşçilərimizin uğurlu çıxışları ilə yadda qaldı. Belə ki, pəhləvanlarımız ümumilikdə 3 qızıl, 2 gümüş medala sahib çıxıblar. Sərbəst güləş üzrə yarışlarda İqbal Hacızadə (100 kq) və Teymur Məmmədov (63 kq) bütün rəqiblərini üstələyərək Olimpiya çempionu adını qazanıblar. Yunan-Roma güləşi üzrə yarışlarda İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov gümüş medala sahib çıxıb. Qadın güləşçimiz Leyla Qurbanova (52 kq) da gümüş medal əldə edib. Qazanılan uğurlar güləş idman növünün ölkəmizdə yüksək səviyyəli inkişafını bir daha sübuta yetirir. Xatırladaq ki, güləşçilərimiz Nankin Yay Olimpiya Oyunlarına vəsiqələri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qazanmışdılar.
Bugünlərdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla görüşərək Azərbaycan güləşçilərinin Nankində keçirilən II Yay Olimpiya Oyunlarındakı çıxışları ilə bağlı söhbət etdik.
- Elçin müəllim, təcrübəli mütəxəssis kimi Olimpiya çempionu, dəfələrlə Avopa və dünya çempionu adını qazanan idmançılar yetişdirmisiniz. Yeniyetmə güləşçilərimizin Nankin Olimpiya Oyunlarındakı çıxışlarını necə qiymətləndirərdiniz?
- Yeniyetmə güləşçilərimiz həmişə olduğu kimi, Yeniyetmələrin II Olimpiya Oyunlarında da onlara bəslənilən ümidləri doğrultdular. Pəhləvanlarımız uğurlu çıxışları ilə öz adlarını Azərbaycan idmanı tarixinə yazdırdılar. Nankində güləş üzrə yarışlarda 5 idmançımız qüvvəsini sınadı. Onlardan 3-ü qızıl, 2-si gümüş medal əldə etdi. Bu, yüksək nəticədir.
Fürsətdən istifadə edib, Azərbaycan idmançılarının Nankində qazandıqları möhtəşəm qələbə münasibətilə Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, idman federasiyaları və bu idmançıları yarışlara hazırlayan məşqçilər heyətini təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə ən mötəbər yarışları keçirmək mümkündür. Güləşə göstərilən dövlət qayğısı pəhləvanlarımızın dünya arenalarındakı uğurlarının get-gedə artmasına şərait yaradır. Eyni zamanda, federasiyamızın rəhbərliyi də daim güləşçilərimizi diqqətdə saxlayır. Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov və AGF-in I vitse-prezidenti Namiq Əliyev tərəfindən pəhləvanlarımız üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan güləşi dünya reytinqində ən yüksək pillələrdə yer alır. İnanıram ki, güləşçilərimiz bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.
- Güləşçilərimizin Nankindəki çıxışlarını izlədinizmi?
- Əlbəttə, izlədim. Güləşçilərimizə böyük ümidlər bəslənilirdi. Yunan-Roma güləşi üzrə təmsilçimiz İslambek Dadov finalda parlaq çıxış edərək rəqibi üzərində 3:0 hesablı qələbə qazandı. Cabbar Nəcəfov isə həlledici mərhələdə cəmi 1 xal fərqi ilə məğlub oldu. Cabbar qızıl medal qazanmağa çox yaxın idi. Qadın güləşçimiz Leyla Qurbanovanın da çıxışı uğurlu oldu. Sərbəst güləşçilərimiz özünəinamlı çıxışları ilə yüz faizlik nəticə göstərdilər. Qürur hissi ilə deyə bilərəm ki, bu gün digər ölkələrin təmsilçiləri Azərbaycan güləşçilərini güclü rəqib kimi qəbul edir, pəhləvanlarımızdan çəkinirlər. Hər bir yarışda Azərbaycan güləşçiləri döşək üzərinə medala iddiası ilə çıxırlar. Bu, federasiyanın güləşin inkişafı istiqamətində apardığı uğurlu işin nəticəsidir.
- Elçin müəllim, vaxtilə qəzetimizə müsahibə verərkən Fərid Mansurov, Rövşən Bayramov kimi yeniyetmə güləşçilərin gələcəkdə Olimpiya çempionu olacağını demişdiniz. Proqnozlarınız özünü doğrultdu. Nankində medal qazanan idmançılarımızı necə, gələcəyin Olimpiya çempionu qismində görürsünüzmü?
- Əlbəttə ki, bu idmançıların gələcəkdə uğur qazanmaları, ilk növbədə, onların özündən asılıdır. Bu gün Olimpiya çempionu adını qazanan güləşçilərimiz yeni nailiyyətlər əldə etmək üçün zala daxil olarkən titullarını unutmalıdırlar. Yəni hər bir idmançı öz üzərində daim işləməlidir. İdmançının işi yalnız məşq etməkdir. O, yalnız qələbə qazanmaq barədə düşünməlidir. Uğur qazanan idmançı arxayınlaşarsa, "ulduz xəstəliyi”nə tutularsa, ondan heç bir nəticə gözləmək olmaz. Yeniyetmə güləşçilərimiz Fərid Mansurov, Namiq Abdullayev, Elnur Məmmədli, Zemfira Meftəhtdinova, Rövşən Bayramov kimi nəticələrini dəfələrlə təkrarlayan idmançılarımızdan nümunə götürməlidirlər. Qeyd edim ki, Nankində medal qazanan güləşçilərimizin əksəriyyəti bu ildən gənclər arasında yarışlarda çıxış edəcək. Arzu edirəm ki, güləşçilərimiz gənclər, eləcə də böyüklər arasında yarışlarda ustalıqlarını yüksək səviyyədə nümayiş etdirərək, daha böyük uğurlar qazansınlar. Xatırladım ki, bu il yeniyetmə güləşçilərimiz Avropa və dünya birinciliklərində uğurla nəticələr qazanmışdılar. Məhz builki nəticələrə əsasən pəhləvanlarımızın Nankində uğurla çıxış edəcəklərini proqnozlaşdırmaq mümkün idi. Əldə olunan bu nəticə bir daha sübut edir ki, ölkəmizdə yeniyetmə idmanı yüksək səviyyədə inkişaf edir. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən yeniyetmə güləşçilərimizin inkişafına xüsusi qayğı ilə yanaşılır, onların çıxışları daim nəzarətdə saxlanılır. Etiraf edim ki, yeniyetmə güləşçilərimizdən hər zaman medal gözləyirik. Məlum olduğu kimi, böyük idmanın təməli yeniyetmə idmanından başlanır. Yeniyetmə idmanının hərtərəfli inkişafı gələcək uğurlardan xəbər verir.
- Bəs Sinqapurda keçirilən Yeinyetmələrin I Yay Olimpiya Oyunları ilə Nankin Olimpiya Oyunlarını necə müqayisə edərdiniz?
- Xatırladım ki, Sinqapurda yunan-Roma güləşi üzrə iki qızıl, qadın güləşi üzrə 1 qızıl, sərbəst güləş üzrə yarışlarda 1 qızıl, 1 gümüş medal əldə olunmuşdu. Əlbəttə ki, hər yarış öz müxtəlifliyi ilə seçilir və idmançıların eyni nəticəni göstərəcəyini demək mümkün deyil. Qeyd edim ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında rəqabət daha da güclü idi. Elə onu demək kifayətdir ki, bəzi güclü ölkələrin güləşçiləri, hətta oyunlarda iştirak üçün lisenziya belə qazana bilməmişdilər. Əlbəttə ki, hər bir ölkə yarışlara medal qazanmaq, birinci olmaq üçün qatılır. Ümumilikdə Azərbaycan idmançıları Nankində uğurla çıxış etdilər. Azərbaycan yığmasından 6 qızıl medal gözləyirdim. Demək olar ki, mənim proqnozlarım özünü doğrultdu. Təmsilçilərimiz 5 qızıl, 6 gümüş, 1 bürünc medal əldə etdilər. Bu yarışın əhəmiyyəti təkcə qazanılan medalarla ölçülməməlidir. Əsas odur ki, yeniyetmə idmançılarımız bu cür yarışlarda iştirak etməklə təcrübə qazanırlar. Kiçik yaşlarından bu cür möhtəşəm yarışda iştirak edən idmançılar Olimpiya Hərəkatı haqqında geniş təsəvvürə malik olurlar, Olimpiya həyəcanını yaşayırlar. Bu isə böyük idmana gedən yolda yeniyetmələrin inkişafı üçün stimuldur. Arzu edirəm ki, Nankində nəticə qazanan idmançılarımızın hər birini gələcəyin Olimpiya çempionu kimi təbrik edək.
Aysel Sultanova