Bakı-2015 Avropa Oyunlarının yeni brendinin təqdimatı olub

Bakı-2015 Avropa Oyunlarının yeni brendinin təqdimatı olub


Avqustun 27-də Bakı-2015 Avropa Oyunlarının yeni brendinin təqdimatı olub.
Bakının gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.
Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri verilib. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları, müxtəlif idman növlərinin qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilirib ki, yeni brend özünüifadə tərzi olub, qədim Azərbaycan irsinin və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bütün Avropanın zövq ala biləcəyi müasir idman yarışını gerçəkləşdirmək istəyimizin rəmzidir. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonimlik təşkil edəcək. Brend Bakı-2015-in təkmilləşdirilmiş və yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə olunub. Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elenmentləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir yerə toplanmış cəlbedici yeni naxışlar ölkənin məğrur tarixində mühüm rol oynayan simvollardır.
Brendin hazırlanması üçün keçirilən tenderin qalibi olan "SomeOne” agentliyinin icraçı direktoru Qari Holt deyib ki, yeni brenddə idmançılar Azərbaycan incəsənəti və nar ağacı ilə vəhdətdə əks olunub. Qeyd edək ki, agentlik London-2012 Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılması ilə də məşğul olub.
Bakı-2015-in kommersiya direktoru Çarli Vijeratna qeyd edib ki, Avropa Oyunları üçün "SomeOne” agentliyinin yaratdığı gözəl və mürəkkəb naxışlar zövqü oxşayır. "Onlar elə bir imic yaradıblar ki, bu, medallardan başlayaraq uniformalaradək bütün sahələrdə öz təsirini göstərəcək”, - deyə o əlavə edib.