“Bakı-2015” Avropa Oyunlarını Türkiyənin “NTV Spor” kanalı yayımlayacaq

“Bakı-2015” Avropa Oyunlarını Türkiyənin “NTV Spor” kanalı yayımlayacaq


Sentyabrın 1-də "Bakı-2015” Avropa Oyunları ilə Türkiyənin aparıcı idman kanalı olan "NTV Spor” arasında beynəlxalq yayım haqqında ilk saziş imzalanıb.
"NTV Spor” kanalı Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.
"NTV Spor” televiziya, internet və mobil platformalar üzərindən hər gün yeddi saat ərzində Oyunları təqdim edəcək. Həmin yeddi saatın böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı nümayiş olunacaq.
"Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, ilk beynəlxalq yayım sazişi bağladığımızı elan etməyə çox şadam. Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq. Türkiyədə böyük idman tədbirlərini yayımlayan "NTV Spor” Avropa Oyunlarında hər bir idman növünün keyfiyyətli şəkildə təqdim olunmasına xidmət edəcək.
"Doğus Media Group”un İdman Qrupunun prezidenti Fuat Akdağ deyib: "Biz Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və "Bakı-2015” ilə işləməyi səbirsizliklə gözləyirik. Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir”.
Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan bildirib ki, bu saziş Türkiyədəki idman azarkeşlərini bir araya gətirəcək və bütün türk xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq. Biz hər zaman Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə tarixi əlaqələrimizi daha da möhkəmləndirəcək.
"NTV Spor” kanalı Türkiyənin ən böyük media şirkətlərindən olan "Doğus Media Group”a məxsusdur.