2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir


"2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir”.
Bu sözləri sentyabrın 4-də "Fairmont Baku” hotelində 2015-ci ildə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos dedi.
Spiros Kapralos ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirdi və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etdi. Qonaq vurğuladı ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunub: "Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) şöbə müdirləri həyata keçirdikləri işlərlə bağlı təqdimatlarla çıxış etdilər. Kommersiya və kommunikasiya sahəsində imzalanan sponsorluq müqavilələrini yüksək qiymətləndirirəm”.
Avropa Olimpiya komitələri rəhbərlərinin Bakı-2015-ə hazırlıqdan məmnun olduqlarını diqqətə çatdıran Spiros Kapralos könüllülük sahəsində atılan addımların əhəmiyyətindən danışdı.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov doqquz idman növünün 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq yay Olimpiya oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə çatdırdı.
Nazir bildirdi ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib. İclas çərçivəsində cari məsələlər müzakirə olunub və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. Komitənin üzvlərinə mövcud idman obyektləri nümayiş olunub, inşası davam etdirilən infrastruktur barədə ətraflı məlumat verilib.
İşlərin plan üzrə davam etdiyini diqqətə çatdıran nazir birinci Avropa Oyunlarında iki idman növü - sualtı üzgüçülük və küçə atletikası üzrə nümunəvi çıxışların təşkil olunacağını diqqətə çatdırdı. Bildirdi ki, Oyunlar zamanı idman infrastrukturunun ətrafında müvəqqəti tikililər fəaliyyət göstərəcək. Burada təhlükəsizlik avadanlığı və yayım şirkətləri üçün texnika yerləşdiriləcək. Həmçinin Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində test yarışlarının təşkili davam etdiriləcək. Bu yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələri də izləyəcəklər.
AOK-un vitse-prezidenti Canez Koçijanciç qeyd etdi ki, Bakıya dördüncü səfərimizdə burada aparılan hazırlıq işlərinin vəziyyəti bizdə xoş təəssürat yaratdı. Bizim təkbətək görüşlər, habelə idman obyektlərini ziyarət etmək üçün zəngin iş qrafikimiz oldu, bir sözlə, bu iki gün çox məhsuldar keçdi.
BAOƏK-nın əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının açılış mərasiminə 281 günün qaldığını diqqətə çatdıraraq, həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd etdi ki, hazırda işlər gərgin qrafik üzrə davam edir. Bu işlərdə beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak edirlər. Bir müddət sonra beynəlxalq mütəxəssislərin sayı 25 faizədək azaldılacaq və onları azərbaycanlı peşəkarlar əvəz edəcəklər. Burada güclü və peşəkarlardan ibarət komanda çalışır.
Sambonun Avropa Oyunlarının proqramına salınan sonuncu idman növü olduğunu diqqətə çatdıran Saymon Kleq idmanın bu növünün Qafqaz regionunda çox populyar olduğunu vurğuladı.
Tədbirdə Bakı-2015-ə hazırlıq ilə bağlı videoçarx nümayiş olundu.
Sonda jurnalistlərin sualları cavablandırıldı.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. İlk Oyunlarda 6 mindən artıq iştirakçı idmanın 20 növü üzrə qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma), atletika, badminton, basketbol (3x3), boks, kanoe, velosiped (BMX, dağ velosipedi, şose), çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq, aeorobika və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, triatlon, voleybol (zal və çimərlik), güləş, qılıncoynatma və sambo növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki "Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.