“Bakı 2015” Avropa ölkələri ilə yayım müqaviləsi bağlayıb

“Bakı 2015” Avropa ölkələri ilə yayım müqaviləsi bağlayıb


"Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi qitənin üç ölkəsi-Rumıniya, Macarıstan və Belçika ilə beynəlxalq yayım müqaviləsi bağlayıb.
Bu müqavilələrin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər.
Bağlanmış müqavilələrə görə Avropa Oyunlarını "DigiSport” şirkəti Rumıniya və Macarıstanda, "Sport 10” şirkəti isə Belçikada canlə yayımlayacaqlar.
"Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq qeyd edib: "Bu müqavilənin bağlanması bütün qitədə birinci Avropa Oyunlarına olan marağın yüksək səviyyədə olduğunu göstərir. Rumıniya, Macarıstan və Belçikanın idman sahəsində möhtəşəm uğurları var. Oradakı azarkeşlərin gələn yay keçiriləcək yarışlarda öz idmançılarının nailiyyətlərini izləmələri üçün gözəl zəmanət yaranmışdır. Bağlanmış müqavilələrlə ev sahibi olan yayım şirkətimiz - Beynəlxalq İdman Yayımı Şirkətinin birgə fəaliyyəti sayəsində idman azarkeşləri bir sıra media platformaları üzərindən hərtərəfli yayımdan yararlanacaqlar”.
Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları müddətində oyunların 800 saatlıq canlı, müasir təqdimatını təmin edəcək.
Hər üç ölkədə hər gün tədbirin kadrları, eyni zamanda, tam şəkildə açılış və bağlanış mərasimləri yayımlanacaq. İlkin proqramlaşdırma və gündəlik olaraq yarışların maraqlı məqamlarından seçilmiş videomateriallar da yayımlanacaq.
Rumıniyanın "DigiSport” şirkətinin baş redaktoru Georgi Dobre deyib: "Biz "Bakı 2015” ilə belə müqavilələrin bağlandığına çox şadıq. Rumıniya və Macarıstandakı azarkeşlərə Avropa Oyunlarının gündəlik, canlı və müstəsna yayımını təqdim etməyi səbirsizliklə gözləyirik”.
"Sport 10” şirkətinin idarəetmə üzrə direktoru xanım Karin Stup bildirib: "Birinci Avropa Oyunları bütün dünyada tamaşaçılar üçün böyük marağa səbəb olacaq. Belçikalı azarkeşlər üçün yarışlardan yüksək səviyyəli kadrları təqdim ediləcək”.
Qeyd edək ki, keçən həftə Türkiyənin "NTV Spor” kanalı Avropa Oyunlarının yayımı haqqında beynəlxalq müqavilə imzalayan ilk şirkət olmuşdur.
"Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: "Birinci Avropa Oyunlarına çox az vaxt qaldığı üçün biz bir sıra müqavilələrin bağlanmasını yekunlaşdırırıq. Həmin müqavilələrə görə azarkeşlərin hər bir idman növü üzrə yarışlardan zövq almaları üçün "Bakı 2015” Avropa Oyunları bütün dünyada canlı olaraq yayımlanacaq”.
Xatırladaq ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
"Bakı-2015” Avropa Oyunları idmanın 20 növü üzrə yarışlar keçirəcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışlarına imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.