Bakı-2015 Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman Təşkilatı ilə tərəfdaşlığa başlayıb

Bakı-2015 Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman Təşkilatı ilə tərəfdaşlığa başlayıb


Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman Təşkilatı ilə tərəfdaşlığa başlayıb.
Fransada Sentez Vous İdman Təşkilatı tərəfindən festival təşkil olunur. İdman tədbirinin bayram kimi qeyd edilməsi insanları daha da fəal həyat tərzi sürməyə səsləyir. Sentyabrın 13-dən 21-dək keçiriləcək idman tədbiri bütün Fransanı əhatə edəcək.
Artıq beş ildir ənənəvi olaraq keçirilən tədbir ölkənin Milli Olimpiya Komitəsinin və bütün Fransa idman federasiyalarının dəstəyi ilə məktəblərdə, universitetlərdə və müəssisələrində qeyd olunur.
Sentez Vous festivalının keçirilməsinin məqsədi idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox sayda insanı müntəzəm fiziki fəaliyyətlərlə məşğul olmağa həvəsləndirməkdir.
Fransada tədbir ilə bağlı bütün kommunikasiya məsələləri - televiziya reklamı, sosial media və çap məhsulları Bakı-2015 ilə əlaqələndiriləcək. Festivalda ölkəmizi bu yaxınlarda Nankində yeniyetmələr arasında keçirilən Yay Olimpiya Oyunlarında medal qazanmış 6 idmançı təmsil edəcək. Səid Quliyev (taekvondo, qızıl medal), Teymur Məmmədov, İqbal Hacızadə (güləş, qızıl medal), Cabbar Nəcəfov, Leyla Qurbanova (güləş, gümüş medal) və Nazim Babayev (atletika, bürünc medal) Fransanın Milli İdman və Fiziki Tərbiyə İnstitutuna səfər edəcək və ölkədəki idman tədbirlərinə cəlb olunacaqlar.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov Sentez Vous festivalının məqsədinin çoxlu sayda insanı idmanı həyat tərzlərinin əsas hissəsinə çevirməyə həvəsləndirmək olduğunu bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə əhalinin 66 faizini 35 yaşadək olan gənclər təşkil edir. Azərbaycanın gənc nəsli idmana çox həvəs göstərir və biz gələcəkdə bu təşəbbüsü öz ölkəmizdə də təkrar etmək istərdik.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia bildirib ki, biz Bakı-2015 ilə əməkdaşlıqdan məmnunuq və rəhbərlik etdiyim qurumun dəstəyi ilə Sentez Vous festivalı xalqımızda idmana marağı daha da artıracaq.
BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, sözügedən tədbir qitənin digər ərazilərində də Bakı-2015 Avropa Oyunlarını təbliğ etməyə imkan yaradacaq. Fransa Avropanın idman sahəsində ən güclü dövlətlərindən biridir. Sentez Vous festivalına dəstək göstərməklə Avropa Oyunları Azərbaycanda sağlam həyat tərzinin daha geniş yayılmasına imkan yaradacaq.
Festivalda 100-dən artıq idman növü təmsil olunacaq. Tədbirdə ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu, basketbolçu Toni Parker və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanmış Lor Manaudou iştirak edəcəklər.
Ənənəvi festival həftənin müxtəlif günlərində, müxtəlif yaş qrupuna daxil olan insanlar üçün təşkil olunacaq.