Gürcüstanda Azərbaycanın gənc alpinistlərindən ibarət qrupunun təlim-məşq toplanışları uğurla sona çatıb. Qrupa tanınmış alpinist, Respublika Alpinist-Turist Klubunun üzvü Firuz Dadaşov rəhbərlik edib.
Təlim planına əsasən, 6 nəfərdən (əsasən alpinizmdə ilk qədəmlərini qoyan idmançılardan) ibarət qrup qar-buz şəraitində işləməyi və axtarış-xilas əməliyyatlarını aparmağı öyrənməli, daha sonra Kazbekə (5033 m) qalxmalı olsalar da, hava şəraiti buna imkan verməyib.
Buna baxmayaraq, alpinistlər 3600 m hündürlüyə qalxaraq orada ana düşərgəni qurublar. Sentyabrın 5-də idmançılar Qerqeti buzlağında qar-buz məşqlərinə başlayıblar, sentyabrın 6-da isə, planlaşdırılan kimi, xoş hava şəraitində zirvəyə doğru üz tutublar. Səhər Bakı vaxtı ilə saat 03.15-də zirvəyə qalxan dağçılar 12.30-da Kazbek zirvəsinə çatıblar.
Elə həmin gün təmsilçilərimiz Qerqeti kəndinə (1800 m) enərək bir gün sonra Bakıya qayıdıblar.
Qrupun rəhbəri Firuz Dadaşov səfər barədə buunları deyib: "Qar-buz məşqləri zamanı və zirvəyə qalxarkən qrup üzvləri verilən tapşırıqları çox yaxşı yerinə yetirdilər”.
Xatırladaq ki, avqustdan sentyabradək AAF-nın (Azərbaycan Alpinizm Federasiyası) alpinistləri Kazbekə 4 uğurlu səfər həyata keçiriblər. Bu səfərlərdə AAF-nın üzvləri: "Qartal”, "Nikoyl”, DİK, "İrbis” və RATK klubları iştirak edib. Kazbekə həmçinin AAF-ın instruktoru Sirxan Məmmədovun rəhbərliyi altında İran alpinist qrupu da qalxıb.
Bu müddət ərzində AAF Gürcüstan dağlarında 3 dəfə təlim-məşq toplanışları da keçirib.