Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Bakı-2015-in rəsmi saytını təkrar istifadəyə vermək məqsədilə "Sitecore” şirkətinin mütəxəssisləri ilə komanda şəklində toplanıb.
Bakı-2015 Avropa Oyunlarına daha az vaxt qalır. Bu müddətdə sifarişçinin şərtlərinə uyğun olaraq hazırlanan məzmunun idarə edilməsində və rəqəmsal marketinq texnologiyasında ixtisaslaşan "Sitecore” şirkəti Bakı-2015-in veb-sayt ilə məşğul olan komandasına dəstək göstərəcək.
Şirkət təchizat və sponsorluq haqqında müqavilə imzalayıb və gələn il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində oyunlarla bağlı məlumatların təmin edilməsi işinin tərkib hissəsinə çevriləcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarının internetdə geniş şəkildə işıqlandırılması, eyni zamanda, orijinal və yüksək keyfiyyətli məzmundan ibarət innovativ veb-sayta malik olması çox vacibdir.
"Sitecore” yüksək standartlara cavab verən veb-saytların yaradılması və idarə edilməsi ilə tanınan dünya şöhrətli şirkətdir. Avropa Oyunlarının veb-sayt ilə məşğul olan komandası üçün "Sitecore” şirkəti tərəfindən göstəriləcək dəstək mühüm əhəmiyyətə malikdir.
İlk Avropa Oyunlarında nümayiş olunacaq 20 idman növünün və oyunların keçiriləcəyi 18 yarış obyektinin hər birinin ətraflı təsvir olunduğu yeni Bakı-2015 veb-saytına bu internet resursunun ilk dəfə avqustun 21-də işə başlamasından sonra dünyanın 130-dan çox ölkəsindən azarkeşlər daxil olub.
"Sitecore International” şirkətinin prezidenti Soren Bak Jepsen bildirib ki, şirkət Bakı-2015-in rəsmi dəstəkçisi olması ilə qürur duyur. "Biz Avropa Oyunları ilə bağlı yaşanan həyəcanı internet üzərindən çatdırmaq məqsədilə öz təcrübə və bacarıqlarımızdan maksimum dərəcədə istifadə edəcəyik”, - deyə o əlavə edib.
Veb-sayt aydın cizgilərlə tərtib edilib və orada mövcud olan bütün kontenti müxtəlif növ cihazlardan və ekranlardan görmək mümkün olacaq. Bunun sayəsində azarkeşlər istənilən vaxt oyunlarla bağlı məlumat ala biləcəklər.
Eyni zamanda, saytda sosial medianın şərhləri də öz əksini tapacaq. Bu isə o deməkdir ki, dünyanın hər yerindəki idman azarkeşləri real vaxt rejimində yarışlarla və bir-birləri ilə təmasda ola biləcəklər.
Sazişə görə, "Sitecore” şirkəti "McDonald’s”, "Tickethour” və "Milla”dan sonra Bakı-2015-in dördüncü rəsmi dəstəkçisi oldu.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna isə deyib: "Sitecore” şirkətinin əsas beynəlxalq idman yarışlarında peşəkarlığa və təcrübəyə malik olması o deməkdir ki, şirkət Bakı-2015-in ideal dəstəkçisidir. Onların malik olduğu texnologiya dünyanın bir çox məşhur idman komandaları və yarışları üçün oyunların onlayn rejimində yayımlanmasını həyata keçirib və bu texnologiya Bakı-2015 Avropa Oyunlarının onlayn rejimində işıqlandırılması üçün əsas vasitə olacaq. Şirkət təkrarolunmaz təcrübə və nüfuza malikdir və biz qarşıdakı aylarda onlarla daha sıx şəkildə çalışacağıq”.
2001-ci ildə əsası qoyulan "Sitecore” şirkətinin Danimarkanın paytaxtı Kopenhagendə və ABŞ-ın Kaliforniya ştatında baş ofisləri vardır. Şirkət hazırda dünyanın 55-dən çox ölkəsində fəaliyyət göstərir.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və yeniliklərdən ibarət yarışlar olacaq.
Bakı-2015 Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək yay Olimpiya oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
"Sitecore” şirkəti sifarişçi təcrübəsinin idarə edilməsi sahəsində dünya lideridir. Şirkət, tamaşaçıları heyran edən, sadiqliyə təminat verən və gəlir yaradan çox aktual məzmun və xüsusi rəqəmsal təcrübələrə malikdir. "Sitecore(r) Experience PlatformTM” ilə marketoloqlar istənilən kanal üzərindən onların brendi ilə maraqlanan hər bir müştərinin fikirlərini öyrənə bilərlər. Dünyanın 4000-dən çox aparıcı brendi - o cümlədən "American Express”, "Carnival Cruise Lines”, "easyJet”, "Heineken” və "L’Oreal” gələcək üçün müştərilər qazandıran əhəmiyyətli qarşılıqlı əlaqələrin həyata keçirilməsində "Sitecore” şirkətinə etibar edir.