Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yarışlar üçün həkimlər üçün təlim keçiriləcək.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov Bakı-2015 birinci Avropa Oyunlarının tibb direktoru xanım Pem Vedinqlə görüşmüşdür.
Görüş zamanı Əhliman Əmiraslanov Azərbaycanın növbəti dəfə beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.
Sonra rektor universitetin fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə söz açıb. ATU-nun Azərbaycanda yeganə tibb təhsili müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olunduğunu qonaqların diqqətinə çatdırıb. Bildirib ki, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var. ATU-da 160-dən çox professor çalışır, müəllim heyətinin sayı 600 nəfərə çatır.
Xanım Pem Vedinq öz növbəsində ATU rəhbərliyini əldə olunan nailiyyətlərə görə təbrik edib. O, gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə tibb sahəsində mütəxəssislərə ehtiyac olduğunu və bu məsələdə ATU ilə əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.
Görüş zamanı Avropa Oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunması təklifi səslənib. Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarışmalar zamanı həmçinin Tibb Universitetinin təmsilçilərinin həkim briqadası da xidmət göstərəcək.
Sonra qonaq ATU-nun klinikaları və buradakı təlim mərkəzləri ilə yaxından tanış olub. O, müasir texniki avadanlıqlarla təchiz edilmiş klinikalardakı şəraiti yüksək qiymətləndirib.