Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Ölkəmizdə idmanın inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı sayəsində fiziki və mənəvi cəhətdən sağlam gənclərimiz yetişir, onlar beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər.
Eyni zamanda, ölkəmiz ən mötəbər yarışlara ev sahibliyi edir, təmsilçilərimiz beynəlxalq yarışlarda möhtəşəm uğurlar qazanırlar.
Respublikamızda böyük populyarlığa malik olan, uğurları ilə fərqlənən idman növlərindən biri də güləşdir. Güləş idman növündə təmsilçilərimiz Avropa və dünya çempionatları, eləcə də yay Olimpiya oyunları kimi mötəbər yarışlarda öz sözlərini deyiblər. Sevindirici haldır ki, böyükyaşlı idmançılarımızla yanaşı, yeniyetmə güləşçilərimiz də adlarını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırıblar.
Buyaxınlarda Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında güləşçilərimiz 5 medala (3 qızıl, 2 gümüş) sahib çıxdılar. Qeyd edək ki, güləşçilərimiz Olimpiya oyunlarında bütün çəki dərəcələrində təmsil olundular. Xatırladaq ki, pəhləvanlarımız Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında əldə etmişdilər. Sərbəst güləşçilərimiz 3 çəkidə, yunan-Roma güləşçilərimiz və qadın güləşçilərimiz isə hər biri 2 çəki dərəcəsində Nankin Olimpiya Oyunlarına lisenziya qazanmışdılar. FİLA-nın reqlamentinə əsasən isə, hər bir ölkə sərbəst və yunan-Roma güləş növlərində maksimum 2, qadın güləşində isə 1 idmançı ilə olimpiadaya qatıla bilərdi.
Ölkəmizi sərbəst güləş yarışlarında təmsil edən Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil etdilər.
Güləşçilərimizin hər biri inamla mübarizə apardı və onlardan 3-ü qızıl, 2-si gümüş medal qazanaraq Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etdi. Nankində Teymur Məmmədov, İqbal Hacızadə, İslambek Dadov qızıl, Cabbar Nəcəfov və Leyla Qurbanova gümüş medal əldə etdilər.
Xüsusilə qeyd etmək lazımdır ki, Olimpiya çempionu adına layiq görülən yeniyetmə pəhləvanlarımız keçirdikləri görüşlər ərzində rəqiblərinə böyük xal fərqi ilə qalib gəldilər. Qeyd edək ki, sərbəst güləş üzrə yarışlarda mübarizə aparan Teymur Məmmədov 2014-cü ildə iştirak etdiyi bütün mötəbər yarışlarda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Belə ki, bu il keçirilən Avropa və dünya çempionatı, həmçinin Yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçimiz qızıl medal qazanaraq ona bəslənilən ümidləri doğruldub.
Əldə edilən bu uğur ölkəmizdə idmana, xüsusilə güləş idman növünə ən yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsidir. Şübhəsiz ki, bu nəticə Azərbaycanda qədim ənənələrə malik güləşin yüksək inkişafından xəbər verir. Danılmaz faktdır ki, Azərbaycan güləşi dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növündə qazanılıb.
Bugünlərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Əsgərxan Novruzovla görüşərək, güləşçilərimizin olimpiadada çıxışları ilə bağlı müsahibə aldıq.
- Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləşçilərimizin çıxışlarını necə qiymətləndirirsiniz?
- 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarından sonra əsas məqsədimiz növbəti Oyunlara hazırlaşmaq idi. Yeniyetmələrin yaş dövrü ilə əlaqədar olaraq biz əsas hazırlıqlara 2012-ci ildən başladıq. Azərbaycan Güləş Federasiyası tərəfindən idmançıların hazırlığı üçün hərtərəfli şərait yaradılmışdı. Ümumilikdə, güləşçilərimiz 5 maksimum lisenziya ilə 5 medal əldə etdilər. Bu, yüksək nəticədir. Məlum olduğu kimi, yarışlara iki mümkün lisenziya qazanan sərbəst güləşçilərimiz iki qızıl medala sahib çıxdılar. Xatırladım ki, Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında ölkəmizi Kənan Quliyev (54 kq) və Əli Maqomeddibirov (100 kq) təmsil etmişdilər. Əli qızıl, Kənan isə gümüş medala yiyələnmişdi. Budəfəki olimpiadada məqsədimiz iki qızıl medal qazanmaq idi. Qeyd edim ki, olimpiadaya lisenziya verən yarışlarda sərbəst güləşçilərimiz 46 kq, 63 kq və 100 kq çəki dərəcələrində lisenziya əldə etmişdilər. Azərbaycan Güləş Federasiyası və məşqçilər heyətinin ümumi qərarı ilə 63 kq çəki dərəcsində Teymur Məmmədovun, 100 kq çəki dərəcəsində isə İqbal Hacızadənin Olimpiya oyunlarında ölkəmizi təmsil etmələrinə qərar verildi. Olimpiadadan əvvəl Slovakiyada keçirilən dünya çempionatında Teymur qalib olmuşdu. Ümumiyyətlə, hər iki güləşçimiz yüksək potensiala malikdir. Onlar son mötəbər yarışlarda özlərini yaxşı tərəfdən göstəriblər. Sevindirici haldır ki, seçimimiz özünü doğrultdu və güləşçilərimiz Nankində inamla mübarizə apararaq heç bir rəqibə şans vermədilər.
- Nankində idmançılarımızın rəqiblərinə böyük xal fərqi ilə qalib gəlmələri onların yüksək səviyyəli hazırlığından xəbər verir.
- İdmançılarımızın Avropa və dünya çempionatlarında uğurlu iştirakları göstərdi ki, hazırlığımız yaxşı gedir, idmançılarımız formadadırlar. Bununla belə, bu, bizim həyəcanımızı azaltmırdı. Güləşçilərimizin rəqibləri barədə ətraflı məlumata malik idik. Asiya ölkələrindən olan rəqiblərlə yalnız dünya çempionatında qarşılaşmaq mümkün idi. Onlar isə dünya çempionatında iştirakdan imtina etmişdilər. Qazanılan uğur güləşçilərimizin güclü olduğunu bir daha sübut etdi. Əldə olunan bu nailiyyətlər Azərbaycan Güləş Federasiyası (AGF) rəhbərliyinin idmançı və məşqçilərə göstərdiyi diqqətin, qayğının nəticəsidir. Bu qayğının nəticəsidir ki, hazırda Azərbaycan dünya güləş aləmində ən öndə gedən ölkələrdən biridir. Fürsətdən istifadə edib Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədova, federasiyanın I vitse-prezidenti Namiq Əliyevə məşqçi və idmançılara yaratdıqları şəraitə görə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, bundan sonra keçiriləcək mötəbər yarışlarda da uğurlu nəticələr qazanaq.
- Bu uğur bir daha sübut etdi ki, ölkəmizdə istedadlı yeniyetmə və gənc güləşçilər nəsli yetişməkdədir.
- Ölkəmizdə güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası tərəfindən mühüm işlər görülür. Danılmaz faktdır ki, uşaq və yeniyetmələr arasında güləşin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri də milli komandamıza ehtiyat qüvvələrin hazırlanmasıdır. Belə olan halda məşqçilərin seçim imkanları geniş olur. Ona görə də, AGF bu istiqamətdə ciddi və təsirli tədbirlər həyata keçirir. Federasiya tərəfindən paytaxtla yanaşı, ölkəmizin regionlarında da gənclərin idmana cəlb olunmasına, onların daha keyfiyyətli məşqlər keçməsinə diqqət gücləndirilir.
Azərbaycan güləşçiləri ölkədaxili yarışlarda da müntəzəm olaraq güclərini sınayırlar. Çempionatlar, birinciliklər, zona yarışları gənc və yeniyetmə güləşçilərin təcrübəsini artırır. Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə respublika turniri seçim xarakteri daşıyır. Burada idmançılar nəzərdən keçirilərək yığma komandalara cəlb olunur. Federasiya rəhbərliyinin həyata keçirdiyi tədbirlər seçim imkanlarını əsaslı şəkildə genişləndirməyə şərait yaradıb və bunun sayəsində indi respublikamızda bütün çəki dərəcələrini layiqincə təmsil edən güləşçilər yetişdirilir. Son illərdə təşkil olunan Avropa və dünya birincilikləri, eləcə də digər mötəbər yarışlarda yeniyetmə və gənc güləşçilərimizin mükafatalayiq yerlər tutması görülən işlərin səmərəli nəticə verdiyini təsdiq edir. Təbii ki, idmanda daha da yüksək nəticənin əldə olunması üçün baza böyük əhəmiyyətə malikdir və belə bazalara respublikamızın, demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür. Azərbaycan güləşçiləri dünyada ən güclü rəqib hesab olunurlar. Son iki ildə komandamız ardıcııl olaraq Avropa çempionu adını qazanıb. Avropa çempionatında 4 idmançımız qitənin ən güclüsü oldu.
- Nankində medal qazanan güləşçilərimizi böyüklər arasında Olimpiya çempionları qismində görürsünüzmü?
- İnanıram ki, Nankin Olimpiadasının qalibləri böyüklər arasında təşkil olunacaq olimpiadalarda da mükafatçılar sırasında qərarlaşacaqlar.
Yeniyetmə pəhləvanlarımız əldə edilən parlaq qələbə ilə Azərbaycanın güləş tarixinə yeni səhifə yazdılar. Sinqapur Olimpiadasında fərqlənən güləşçilər hazırda gənclər və böyüklərdən ibarət yığma komandalarda çıxış edir və medal kolleksiyalarını artırırlar. Xatırladım ki, Sinqapurda medal qazanan güləşçimiz Əli Maqomeddibirov gənclər arasında Avropa və dünya çempionu oldu. Kənan Quliyev isə gənclərdən ibarət yığmanın üzvü olduqdan sonra ölkə çempionu adını qazandı. O, ayağından zədə aldığı üçün bir müddət idmana fasilə verməli oldu.
- Əsgərxan müəllim, Nankin Olimpiya Oyunlarından hansı təəssüratlarla ayrıldınız?
- Qeyd edim ki, Nankin Olimpiya Oyunlarının təşkilatçılıq səviyyəsi Sinqapur Olimpiadası ilə müqayisədə daha yüksək idi. Budəfəki Olimpiadada ölkələrin, yarış iştirakçılarının sayı da çox idi. Yarışa 204 ölkədən idmançılar qatılmışdılar. Biz Nankinə avqustun 16-da yola düşmüşdük. Mən deyərdim ki, Nankin Olimpiya Oyunları böyüklər arasında keçirilən Olimpiya oyunlarından yalnız iştirakçıların yaş qrupuna görə fərqlənirdi. Orada bizim əsas problemimiz qidalanma ilə bağlı idi. İdmançıların düzgün qidalanmalarının təmin olunması məqsədilə federasiya tərəfindən xüsusi nümayəndə də ayrılmışdı. Olimpiya kəndində yüksək səviyyəli şərait yaradılmışdı. Şəhərin təmiz, yaraşıqlı, yaşıllıqla əhatə olunmuş əsas yolları insanın zövqünü oxşayırdı.
Aysel Sultanova