Bu gün "Fairmont Baku” hotelində "Bakı-2015” Avropa Oyunları ilə "Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı.
İmzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, AZAL-ın vitse-prezidenti Sabir İlyasov və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iştirak edirdilər.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakı-2015-lə tərəfdaşlıq müqaviləsi imzalayan AZAL şirkətini son illər ərzində Azərbaycanın brendinə çevrildiyini qeyd edib.
«Azərbaycan Hava Yollarının rəsmi tərəfdaş kimi Avropa Oyunları komandasına qoşulmağı bizim üçün çox əhəmiyyətlidir. Əhəmiyyətli olan əsas səbəblərdən biri isə AZAL-ın Avropa Oyunlarında ölkəmizi dünya ilə əlaqə saxlamağa kömək etməsidir. AZAL Azərbaycanda ən məşhur şirkətlərdən biridir. Bu şirkət Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında bizə köməklik edəcək.
Sazişə əsasən, təyyarələrin monitorlarında Bakı-2015 Avropa Oyunlarının reklamları nümayiş olunacaq və sərnişinlərə bu barədə jurnallar paylanacaq. Hava limanında da oyunlar barədə reklamlar yerləşdiriləcək. Bakı-2015-lə bağlı bütün işlər tam qaydasında aparılır, heç bir gecikmə yoxdur» deyə Azad Rəhimov bildirdi.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakı-2015 və AZAL şirkəti arasında müqavilənin imzalanmasından məmnun olduğunu bildirdi. O, AZAL-ın gələn il Avropanın ən güclü idmançılarının Bakıya gətirilməsində əhəmiyyətli rol oynayacağını vurğuladı.
Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Sabir İlyasov Bakı- 2015 Avropa Oyunlarının keçiriləcəyi ərəfədə Avropaya təyyarə reyslərinin sayının artırılacağını qeyd etdi.
«Avropa Oyunları ərəfsində çoxlu sayda idmançı və nümayəndə heyətlərinin ölkəmizə gəlişini asanlaşdırmaq üçün Avropaya təyyarə reyslərinin sayı artırılacaq. Bu müqavilənin imzalanması bizim üçün çox əhəmiyyətlidir. Avropa oyunlarına qədər əlvə tədbirlər görüləcək. AZAL şirkəti son illərdə yeni təyyarələr alıb. Avropa Oyunları ərəfəsində paytaxtımıza gələn qonaqların daşınması üçün böyük hazırlıqlar görürük», - deyə Azalın vitse-prezidenti əlavə edib.
Çıxışlar başa çatdıqdan sonra gənclər və idman naziri Azad Rəhimov və AZAL-ın vitse-prezidenti Sabir İlyasov rəsmi tərəfdaşlıq müqaviləsini imzaladılar.
Müqaviləyə əsasən, hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən şirkət gələn il Avropa Oyunları ilə bağlı Bakıya gündəlik uçuşların sayını artıracaq.
Xatırladaq ki, AZAL-dan əvvəl "P&G”, "Tissot”, "bp”, "Nar Mobile” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Bakı-2015”in rəsmi tərəfdaşları olub. Beləliklə AZAL altıncı rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulub.