Avropa Olimpiya Komitəsinin prezidenti Bakı-2015-ə hazırlığı yüksək qiymətləndirib

Avropa Olimpiya Komitəsinin prezidenti Bakı-2015-ə hazırlığı yüksək qiymətləndirib


Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikkinin Bakıya növbəti səfəri başa çatıb.
Səfər zamanı P.Hikkiyə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən hazırlıq işlərinin gedişi barədə məlumat verilib.
AOK-un prezidenti səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının rəsmi tərəfdaşı elan olunduğu tədbirdə iştirak edib. Patrik Hikki deyib: Bakı-2015 komandası tərəfindən son aylarda əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi. Əminəm ki, Bakı-2015 bütün dünya üzrə çoxnövlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı gözləntilərimizi doğruldacaq. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova, Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə və burada çalışan peşəkar komandaya mənə ayırdıqları vaxta və bir daha Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm”.
Patrik Hikkinin səfərinin planlar barədə ən son məlumatların çatdırılması baxımından gözəl fürsət olduğunu vurğulayan Saymon Kleq deyib ki, işimizdəki irəliləyişlərlə bağlı AOK prezidentinin əminliyi bizi daha da həvəsləndirir. Biz Avropa Oyunlarına doğru irəlilədikcə onun fikirləri və tövsiyələri komandamızı bütün Avropanın fəxr edəcəyi idman tədbirinin keçirilməsinə ruhlandıracaq.
Patrik Hikki həmçinin təşkilatın yeni baş ofisi və Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilə də tanış olub.