Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olmasını təsdiq edən müqaviləyə imza atıb. Müqaviləyə əsasən, yarışlarla bağlı maarifləndirmə işlərinin artırılması məqsədilə ARDNŞ-in yanacaqdoldurma məntəqələrində və ticarət nöqtələrində Bakı-2015 Avropa Oyunlarının loqotipi təsvir olunacaq.
ARDNŞ İsveçrə, Gürcüstan, Rumıniya və Ukrayna daxil olmaqla bu dörd ölkədə həyata keçirəcəyi marketinq kampaniyaları sayəsində Avropa Oyunlarının qitə miqyasında təbliğ olunmasına da dəstəyini göstərəcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bununla bağlı deyib: "Avropa Oyunları Azərbaycanı dünyanın digər ölkələrində təbliğ etmək üçün çox mühüm imkandır və bu cür yüksək dəyərə malik beynəlxalq şirkət tərəfindən dəstəyin göstərilməsi vacibdir. Bakı-2015 Avropa Oyunları ərəfəsində ARDNŞ-in və onun bütün işçi heyətinin tam dəstəyini almaqdan çox məmnunuq.”
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimində "Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi üzrə tikinti işinin başlanılması münasibətilə saziş elan olunub.
Bunu da qeyd etmək lazımdır ki, bu gün eyni zamanda, "Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi tamam olur. Həmin müqavilə Azərbaycanın təbii ehtiyatlarını beynəlxalq ictimaiyyətə açıq elan etməsinin şahidi olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qeyd edib: "Biz Bakı-2015 Avropa Oyunlarına dəstəyimizi göstərməyimizlə fəxr edirik, çünki birinci Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük idman yarışları olacaq.
İdman sahəsində sponsorluq etmək bizim üçün çox vacib məqamdır və ARDNŞ ölkənin tarixində baş verən və böyük maraq doğuran belə bir anın bir hissəsi olmaq şərəfinə nail olur.
Avropa Oyunları özündən sonra uzunmüddətli müsbət dəyişikliklər qoyacaq və bu dəyişikliyin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik.
ARDNŞ, P&G, Tissot, bp və Nar Mobile şirkətlərinə qoşularaq Bakı-2015 Avropa Oyunlarının beşinci rəsmi tərəfdaşına çevrilir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib: "Bir sıra yüksək səviyyəli beynəlxalq şirkətlərin dəstəyini almaq istənilən əsas idman yarışları üçün əhəmiyyət kəsb edir və Bakı-2015-in yüksək keyfiyyətli tərəfdaşları birinci Avropa Oyunlarının gözəl keçməsinə səbəb olacaq”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq əlavə edib: "Avropa Oyunlarının başlanmasına qalan günlər geri sayılır. Və bu vaxt əksər böyük Azərbaycan şirkətlərinin idman vasitəsilə Avropanı birləşdirəcək belə yarışlara dəstəyi bizə böyük inam bəxş edir.”
60 mindən çox işçisi olan ARDNŞ əsas böyük idman qurumları, o cümlədən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uzun müddətli birliyə malikdir.
Şirkət, eyni zamanda, 2016-cı ildə Fransada keçiriləcək Avropa futbol çempionatının əsas sponsorlarından biri olmaq üçün də öz razılığını verib.