Vyaçeslav Fetisov: “Avropa Oyunlarının möhtəşəm keçəcəyinə əminlik hiss etdim”

Vyaçeslav Fetisov: “Avropa Oyunlarının möhtəşəm keçəcəyinə əminlik hiss etdim”


Bakıda səfərdə olan Rusiyanın əfsanəvi hokkey ulduzu və ikiqat Olimpiya çempionu Vyaçeslav Fetisov Bakı-2015 Avropa Oyunlarının baş ofisində olub. Məşhur idmançı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı hazırlıq işlərini, eləcə də paytaxtda inşa edilən idman obyektlərinin səviyyəsini yüksək qiymətləndirib.
V.Fetisov deyib: "Bakı-2015 layihəsi və komanda məndə xoş təəssüratlar yaratdı. Bu gün mən Avropa Oyunlarının möhtəşəm keçəcəyinə əminlik hiss etdim. Məşğul olduqları idman növündən asılı olmayaraq, atletlərin öz bacarıq və qabiliyyətini inkişaf etdirmək üçün müəyyən şeylərə ehtiyacı vardır. Aydın görmək olur ki, Bakı-2015 Təşkilat Komitəsi idmançıların müvəqqəti yaşayış yerlərindən tutmuş idman obyektlərinə qədər bütün ehtiyac və tələbatını nəzərə almışdır. Rusiyalı idmançılardan ibarət komanda 2015-ci ilin iyununda Bakıya səfər edəcəklər. İdmançılarımız burada xoş qarşılanacaqlarına və yarışlarda maksimum yüksək nəticə qazanmaq üçün mükəmməl şəraitin mövcud olacağına ümid edə bilərlər.”
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq Fetisovun Rusiyanın keçmiş idman naziri olduğunu və 2014-cü ildə Soçi Qış Olimpiya Oyunları ilə bağlı təşkilatçılıq işlərində təcrübəsini nəzərə alaraq, onun görülən işlərə yüksək qiymət verməsini sevindirici hal kimi qiymətləndirib.
Saymon Kleq deyib: "Cənab Fetisovu Bakı-2015 ilə tanış etmək bizim üçün çox xoşdur. Oyunların açılış mərasiminə 260 gündən az bir müddət qalıb və Oyunlarla bağlı həyəcan şəhərin hər yerində nəzərəçarpacaq şəkildə artmaqdadır. Mən əminəm ki, Bakı-2015 Avropa Oyunları həm Azərbaycan, həm də bütün Avropa üçün əsl idman bayramı olacaqdır.”
Xatırladaq ki, 56 yaşlı Vyaçeslav Fetisov idman karyerasında Rusiya komandasının kapitanı və məşqçisi, həmçinin ABŞ-ın Milli Xokkey Liqasında (NHL) oynayan ilk avropalı hokkeyçilərdən biridir. 1978-1990-cı illərdə
7 dəfə dünya çempionu tituluna layiq görülüb. Bundan başqa, Fetisov
2002-2008-ci illərdə Rusiya Federasiyasının idman naziri vəzifəsində çalışıb və 2014-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarının Soçi şəhərində keçirilməsində mühüm rol oynayıb.