“Bakı-2015” Avropa Oyunları Almaniyanın “SPORT 1” idman kanalı ilə beynəlxalq yayım haqqında müqavilə imzalayıb
"Bakı-2015” Almaniyanın "SPORT1” telekanalı ilə yayım müqaviləsi imzalayıb
Belə ki, "SPORT1” telekanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımcısı olacaq. Tamaşaçılar gələn il 17 gün davam edəcək yarışları bu telekanal vasitəsilə pulsuz izləyə biləcəklər.
Kanal Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, açılış və bağlanış mərasimləri də efirə veriləcək.
Razılaşmada həmçinin SPORT1 kanalının birinci Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq, minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.
Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq bildirib: "Biz böyük qürur hissi ilə "SPORT1” kanalının birinci Avropa Oyunlarını yayımlayacağını və bununla milyonlarla Avropalı idman həvəskarına bu tarixi hadisəni canlı izləmə imkanı veriləcəyini diqqətinizə çatdırırıq. Bu müqavilənin bağlanması bütövlükdə Avropa qitəsində Oyunlara böyük marağın olmasının göstəricisidir və idman həvəskarlarına müxtəlif media platformalarından ölkələrini təmsil edən idmançıların nailiyyətlərini izləmə imkanı verir”.
"SPORT1” kanalı Bakı 2015 Oyunlarının əsas yayımçısı Beynəlxalq İdman Yayımları (İSB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakı və Almaniyada yerləşən komandalar vasitəsilə həyata keçirəcək.
Qeyd edək ki, adıçəkilən kanal Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. "SPORT1” kanalı təkcə 2014-cü il ərzində mühüm idman yarışlarını yayımlamaq üçün 6 min saat vaxt sərf edəcək. Xatırladaq ki, bura Soçi-2014 Qış Olimpiya Oyunlarında nümayiş etdirilən hokkey oyunları da daxildir.