Oktyabrın 8-də Bakı-2015 Avropa Oyunları basketbol üzrə 3x3 yarışlarında mübarizə aparacaq kişilərdən və qadınlardan ibarət millilərin (hər biri üzrə 16 komanda) adlarını təsdiq edib.
Bakı-2015-dən olimpnews.az-a bildiriblər ki, təsnifat siyahısına uyğun olaraq, kişilər arasında yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları mübarizə aparacaq.
Qadınlar arasında idman mübarizəsində isə Rusiya, Sloveniya, Belçika, Niderland, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İsrail, Yunanıstan, Slovakiya və Azərbaycan milliləri qızıl medallar uğrunda yarışacaq.
Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "Biz ilk Avropa Oyunlarının başlanmasına geri qalan günləri sayırıq. Belə bir zamanda idman yarışlarında mübarizə aparacaq milli komandaların adlarını təsdiq etmək çox xoşdur. "Bakı-2015”in basketbol üzrə 3x3 yarışlarında öz ölkələrinin iştirakını təmin etmiş bütün idmançılara təbriklərimi çatdırıram və onları gələn il Oyunlarda səbirsizliklə gözləyəcəyimizi bildirirəm”.
Dörd gün davam edəcək yarışlar 2 min tamaşaçı tutumlu müvəqqəti Basketbol Arenasında keçiriləcək. Qarşılaşma iki komanda arasında mövqe hücumundan başlayacaq. Yarışları təqribən 250 milyondan çox insanın izləyəcəyi gözlənilir.
"Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: "Yeni və innovativ idman növlərindən biri bizim proqramımıza daxil edildiyi üçün basketbol 3x3-ə maraq böyük olacaq. İlk Avropa Oyunlarının çempionu olmaq uğrunda gərgin mübarizə aparılacaq. Bu, dünyada ən sürətlə yayılan idman növlərindən olduğu üçün biz Avropa Oyunlarına start verəndə insanların böyük marağını gözləyirik”.