Soçidə Bakı-2015 birinci Avropa Oyunlarının təqdimat mərasimi olub

Soçidə Bakı-2015 birinci Avropa Oyunlarının təqdimat mərasimi olub


Bakı-2015 Əməliyyat Komitəsi XVIII "Vsya Rossiya-2014” festivalı çərçivəsində birinci Avropa Oyunları haqqında təqdimat mərasimi keçirib. Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunmuş festival Soçi şəhərində keçirilir.
Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının uğurlu olacağına əminliyini ifadə edib.
Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşərək, Bakı-2015 Oyunlarının Təşkilat Komitəsinə müvəffəqiyyətlər arzulayıb.
Rusiyanın tanınmış jurnalisti, "İtoqi” jurnalının siyasi icmalçısı Kirill Privalov deyib: "Yaxın vaxtlarda Bakıda oldum, bu şəhərin gözəlliyi məni heyran etdi. Əminəm ki, Bakı-2015 Oyunları müsbət mənada yaddaqalan olacaq”.
Festivalın qonaqları - Bolqarıstan Jurnalistlər İttifaqının birinci katibi Snejana Todorova, diplomat Aleksandr Losyukov, "Telefilm” kino şirkətinin baş direktoru Yuri Masyuk və başqaları Bakıdan və bakılılardan danışıblar. Onlar vurğulayıblar ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qarşılıqlı etimad şəraitində yaşayırlar.

Bakı Avropa Oyunları-2015-in Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, artıq Fransa, Yunanıstan və başqa ölkələrdə Bakı-2015-in təqdimat mərasimləri keçirilib.
Festivalın iştirakçılarına bu sahədə indiyə qədər görülmüş işlər, tikilməkdə olan idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən iclaslar, həmçinin Azərbaycanın idman uğurları haqqında ətraflı məlumat verilib.
E.Səfərov deyib: "Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Bakıda 2015-ci ildə ümumilikdə 20 idman yarışı təşkil olunacaq. Avropanın bütün guşələrindən Bakıya 6 mindən çox idmançı gələcək”.
"İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, "Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Novosti-Azerbaydjan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, "Bakinski raboçi” qəzetinin nümayəndəsi İlqar İsmayılov, I Avropa Oyunlarının Əməliyyat Komitəsinin təmsilçisi Pirim Pirimov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar vilayəti üzrə regional bölməsinin sədri Cəmil Əliyev və başqaları öz çıxışlarında Avropa Oyunlarının idman tarixində yeni səhifə açacağını qeyd ediblər. Onlar birinci Avropa Oyunlarının ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcəyini əminliklə bildiriblər.
Tədbirdə Bakı haqqında videofilm göstərilib. Görüşün bütün iştirakçılarına Bakı-2015-in Təşkilat Komitəsi adından xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, jurnalistlərin "Vsya Rossiya” festivalı nüfuzlu KİV-ləri təmsil edən qələm əhlinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı peşəkar diskussiya məkanıdır.