Parisdə gündəlik nəşr olunan nüfuzlu "Les Echos” qəzetində 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən "Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Azərbaycan hökumətinin Avropa Oyunlarını yüksək səviyyədə təşkil etmək və bununla da ölkəni dünya ictimaiyyətinə Olimpiya vətəni kimi tanıtmaq istədiyi qeyd olunub. Məqalədə xüsusi vurğulanır ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışlar keçirməyə imkan verəcəkdir.
Ölkəmizin Cənubi Qafqazda aparıcı dövlət olduğunu vurğulayan müəllif Olivye Bindən yazır ki, Azərbaycan inkişaf səviyyəsinə görə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və Qərb dövlətlərinin diqqətini özünə cəlb edib. Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan qeyri-neft sektorunu, o cümlədən turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlıdır.
Yazıda Azərbaycan xalqının tolerantlığı, Avropa və Asiya arasında körpü rolu oynadığı, ölkəmizin coğrafi məkanının mühüm strateji əhəmiyyət kəsb etdiyi, Qərbə inteqrasiyada maraqlı olduğu barədə fransız oxucularına ətraflı məlumat verilib.
Məqalədə həmçinin bildirilir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 50-yə yaxın ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir.
Oliviye Bindən Avropa Oyunlarının keçiriləcəyi stadionun 65 min tamaşaçı üçün nəzərdə tutulduğunu və bütün tələblərə cavab verən müasir tipli olacağını qeyd edib, bəzi yarışların "Baku Crystal Hall”un səhnəsində keçiriləcəyini vurğulayıb.
Avropa Oyunlarına hazırlığın vəziyyətini öyrənmək üçün Təşkilat Komitəsi rəhbərliyinin bir neçə dəfə Azərbaycana səfər etdiyi, oyunların televiziya kanalları vasitəsilə bütün dünyada yayımlanacağı da məqalədə yer alıb.
Müəllif qeyd edir ki, Azərbaycan hökuməti Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib.
Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.