Oktyabrın 7-də "Fairmont Baku” hotelində 2016-cı ildə Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-pri yarışı ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda gənclər və idman naziri Azad Rəhimov, Formula-1 yarışının baş icraçı direktoru Berni Ekkleston, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti Anar Ələkbərov, "Tilke Engineering” şirkətinin baş icraçı direktoru Herman Tilke və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yarışın əhəmiyyəti barədə danışdı.
"Avropa Qran-prisi hər birimiz üçün bu çox vacib və sevindirici bir hadisədir. Dünyanın ən maraqlı və həyəcanlı idman növündə iştirak etməyimiz üçün və ən yeni formula-1 dairəsinin sxeminin təqdim edilməsində köməklik göstərdiyinə görə cənab Berni Ekklestona minnətdarlığımı bildirirəm. Hazırda biz çətin işlərin başlandığı növbəti mərhələdəyik və hamımız qarşıdan gələn aylarda dairənin inşasının şahidi olacağıq. Bizi irəlidə müəyyən çətinliklər gözləyir. Əminik ki, cənab Berni Ekkleston və "Tilke Engineering” şirkətinin peşəkar heyətinin, eləcə də Formula-1 Qran-pri yarışının ən yeni trasının yaradılmasına cəlb edilən hər bir insanın köməyi ilə biz bu işin öhdəsindən gələcəyik. İnanırıq ki, Bakı Qran-prisi Avropa ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nüfuza öz dəyərli töhfəsini verəcək”, - deyə o əlavə etdi.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti Anar Ələkbərov bu idman növünün Azərbaycanda tamaşaçı baxımından çox populyar olduğunu bildirdi: "Bizə 2016-cı ildə Bakıda Avropa Qran-pri yarışının keçirilməsi və Formula-1 ailəsinin tərkib hissəsinə çevrilməyimizə imkan verildiyi üçün məmnunluğumuzu bildiririk. Biz həm də əminik ki, ölkəmizin ev sahibliyi edəcəyi Qran-pri Azərbaycanda Formula-1 idman yarışı üçün bir vasitə olacaq və gənclərimizin bu idman növü üzrə dünya çempionu ola bilmək xəyallarının yaranmasına təsir edəcək”.
Formula-1 yarışının baş icraçı direktoru Berni Ekkleston isə Bakının bu yarışa yüksək səviyyədə ev sahibliyi edəcəyinə inandığını bildirdi.
Sonra KİV nümayəndələrinin sualları cavablandırıldı.