İlk Avropa Oyunları Rio-2016 Olimpiadasına boks və güləş üzrə təsnifat imkanları yaradacaq

İlk Avropa Oyunları Rio-2016 Olimpiadasına boks və güləş üzrə təsnifat imkanları yaradacaq


Oktyabrın 10-da Bakı-2015 Avropa Oyunları boks və güləş yarışlarının iştirakçılarına Rio-de-Janeyro-2016 Olimpiya Oyunlarında mübarizə aparmaq üçün təsnifat imkanlarının təklif olunacağını təsdiq edib.
İdmanın hər iki növü üzrə yarışlar ilk Avropa Oyunlarında bu istiqamətdə yüksək standartı təmin edərək, idmançılara Olimpiya oyunları üçün təsnifata doğru irəliləmək şansı verəcək. Ümumilikdə Bakı-2015-də idmanın 20 növündən 11-i Braziliyada keçiriləcək növbəti yay Olimpiya oyunları üçün təsnifat imkanı təklif edir.
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bu barədə deyib: "Boks və güləşin Rio-2016 Olimpiya Oyunlarına təsnifat qazanmasının təsdiqlənməsi Bakı-2015-in idman proqramının düzgün istiqamətdə inkişafının göstəricisidir və bu, məni çox sevindirir. AOK-un Avropa Oyunlarına aid konsepsiyasına görə, idmançıların özlərini daha yüksək səviyyədə sınamaları üçün elit idman yarışları yaradılmalı idi və Bakı-2015 bunu etdi”.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bununla bağlı bildirib: "Olimpiya oyunlarının təsnifat prosesinin bir hissəsi kimi ilk Avropa Oyunlarında çoxlu sayda beynəlxalq idman federasiyasının iştirakı Azərbaycanda nə dərəcədə yüksək keyfiyyətli idman tədbirinin olacağının sübutudur. Avropa Olimpiya Komitəsi və prezident Patrik Hikki ən güclü idmançıların qarşıdakı illərdə Olimpiya Oyunları üçün şanslarını doğrultmaları baxımından bu böyük, multiidman yarışının bütün qitə üçün mühüm olacağına əmindirlər”.
Bakı-2015-in boks yarışlarında kişilər arasında on çəki dərəcəsinin hər biri üzrə medal qazanan idmançı 2015-ci il dünya boks çempionatında iştirak etmək üçün vəsiqə qazanacaq. Yarışların ən yüksək dərəcəli boksçuları təmsil etdikləri milli Olimpiya komitələri adından Rio-2016-da iştirak hüququ qazanacaqlar.
Güləş üzrə avropalı idmançılar və Milli Olimpiya komitələri Rio-2016 üçün təsnifat prosesinin bir hissəsi kimi, Bakı-2015 Avropa Oyunlarında iştirak etməlidirlər.
Bakı-2015-in İdman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: "Avropa federasiyaları Bakı-2015 konsepsiyasının tamamilə tərəfdarıdır. Proqramımızın 16 Olimpiya idman növündən 11-nə növbəti Olimpiya oyunlarında iştirak üçün təsnifat imkanlarının verilməsi Bakıda dünya miqyaslı yarışların olacağına işarədir. İlk Avropa Oyunlarının ən məşhur idman növləri arasında boks və güləş də olacaq. Odur ki, idmançıların çoxunun Rio-de-Janeyro-2016-ya doğru yollarına məhz buradan başlayacağını bilmək çox xoşdur”.
Rio-2016 üçün təsnifat imkanları təklif edən 11 idman növünə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.