Oktyabrın 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlin şəhərinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode muzeyində birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən bəhs edilib.
Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.
Səfir Pərviz Şahbazov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyadakı fəaliyyəti barədə danışıb. O, eyni zamanda, Fondun mədəniyyət sahəsində ikitərəfli münasibətlərə töhfələri haqqında məlumat verib. Səfir, həmçinin ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişafından da söhbət açıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb.
Nazir tədbir iştirakçılarına Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib.
Mərasimdə Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun ölkə daxilində və xarici dövlətlərdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Birinci Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirak ediblər.