Baş məşqçi mükafata layiq görülüb

Baş məşqçi mükafata layiq görülüb


Bakı-2015 Avropa Oyunlarının atletika yarışları üzrə meneceri Avropa Atletika Assosiasiyası tərəfindən mükafata layiq görülüb.
Bakı-2015 Avropa Oyunlarının atletika yarışları üzrə meneceri Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyası tərəfindən məhsuldar əməyinə və fədakar fəaliyyətinə görə mükafata layiq görülüb. "Avropa atletika məşqçisi” mükafatı Sultanzadəyə "Golden Tracks”da şam yeməyinə dəvət olunmuş qonaqların, o cümlədən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidenti Lord Sebastyan Konun iştirakı ilə verilib. Bu mükafat həmyerlimizin bacarığına və dünya miqyasında beynəlxalq məşqçi kimi bir sıra müxtəlif ölkələrdə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq Məhərrəm Sultanzadənin mükafatlandırılması ilə bağlı deyib: "M.Sultanzadə Bakı-2015 komandası ilə işlədiyi 9 ay ərzində özünü bacarıqlı mütəxəssis kimi nümayiş etdirmiş və əvəzedilməz komanda rəhbərinə çevrilmişdir. O, bu mükafata tam layiqdir. Belə bacarıqlı və təcrübəli mütəxəssisin bizimlə birgə, bir sözlə, Bakı-2015 komandası ilə işləməsi bizim üçün çox xoşdur. Sevindirici haldır ki, Azərbaycanın milli məşqçisi ilk dəfədir, "Avropa atletika məşqçisi mükafatına layiq görülür”.
Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyası tərəfindən ona verilən mükafatla bağlı öz fikirlərini bölüşüb: "Ölkəm və özüm üçün ilk dəfə bu cür möhtəşəm mükafat qazandığıma görə çox xoşbəxtəm və qürur hissi duyuram. Bir məşqçi kimi mən yaxşı nəticələr əldə etmiş yüksək səviyyəli idmançılar hazırlamışam və son səkkiz ildə milli komandanın baş məşqçisi kimi qürur hissi ilə deyə bilərəm ki, həm dünya, həm də Avropa səviyyəsində müsbət nəticələr göstərmişik.”
Tədbirdə həm də şüvüllə tullanma üzrə fransalı idmançı Renaud Lavillenie və qısa məsafəyə qaçış üzrə hollandiyalı atlet Dafne Şippers "İlin Avropa atleti” adına layiq görülüblər. Bundan başqa, qısa məsafəyə qaçış üzrə britaniyalı idmançı Adam Gemili və hündürlüyə tullanma üzrə rusiyalı idmançı Mariya Kuçina "Rising Star” mükafatı alıblar.