Bakı-2015 Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq

Bakı-2015 Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq


Bakı-2015 Avropa Oyunları Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU) ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, birinci Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq. Həmçinin 17 gün davam edəcək yarışların tam şərhlərlə görüntüləri və lent yazıları ASBU-ya üzv olan yayım şirkətlərinə ərəb dilində ödənişsiz şəkildə birbaşa təqdim ediləcək. Avropa Oyunları Əlcəzair, Bəhreyn, Cibuti, Misir, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndə yayımlanacaq.
Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu, Bakı-2015 üçün çox əhəmiyyətli bir məqamdır. Biz Yaxın Şərq və Şimali Afrika regionu üzrə yayım bölgəsini əhatə edən ASBU ilə müqavilə imzalamaqdan çox məmnunuq. Müqavilə Avropa Oyunlarına dünya miqyasında artmaqda olan marağın göstəricisidir. Əminliklə deyə bilərik ki, Avropa Oyunları bu istiqamətdə daha çox müqavilələr imzalamaqla tam şəkildə qlobal auditoriyanın diqqətini çəkəcək.
Olimpiya oyunlarını yayımlamaq hüququna sahib olan ASBU uzun müddətdir ona üzv olan yayım şirkətlərinə idman yarışlarından yüksək keyfiyyətli görüntülər təqdim edir. Şirkət 2012-ci il London Yay Olimpiya Oyunlarını yayımlamaq hüququna malik olub. Qurum, həmçinin Rio-2016 Olimpiya Oyunlarını da regionda yayımlayacaq.
ASBU-nun baş direktoru Salah Eddine Maui deyib: "Bakı-2015 ilə bu mühüm müqaviləni imzalamaq bizim üçün böyük şərəfdir. İlk Avropa Oyunları bütün ərəb ölkələrindəki azarkeşlər üçün böyük idman bayramı olacaq. Biz bu tarixi hadisəni və həyəcanlı yarışları yayımlamağı səbirsizliklə gözləyirik”.
ASBU Bakı-2015 Avropa Oyunlarının əsas yayımçısı olan Beynəlxalq İdman Yayımları (ISB) ilə sıx əməkdaşlıq edərək, fəaliyyətini Bakıda yerləşən komandaları vasitəsilə həyata keçirəcək.
Bakı-2015-in açılış və bağlanış mərasimlərinin birbaşa yayımı məsələsi də şirkətlə razılaşdırılıb.
ASBU üzvləri Avropa Oyunlarını yayımlamaq üçün rəqəmsal platformalar vasitəsilə də fəaliyyət göstərəcəklər.